Azərbaycan – İran oyunu ilə millimizin heyətində debüt edən Qabriel Bastos matçdan sonra AFF-nin mətbuat xidmətinə müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir.
- Millidə debüt etdin. İlk oyunun haqda nə deyə bilərsən?
- Debütüm güclü rəqiblə oyunda alındı. İran millisinin necə komanda olduğunu bilirdik. Çox çətin, ağır oyun keçdi. Amma yaxşı oynadığımızı düşünürəm. Meydanın örtüyünün də təsirini danmaq olmaz, üstəlik, hakimlər də meydan sahiblərini təmsil edən ölkədəndir. Komandada işlər düzgün istiqamətdə qurulub. Bir qədər vaxta ehtiyacımız var ki, baş məşqçinin istədiklərini tam şəkildə tətbiq edə bilək.
- İlk qolunuzu vurdunuz. Xüsusi bir sevinc keçirdinizmi?
- Əlbəttə, sevinməmək mümkün deyil. Hər bir qol komandanın zəhmətinin bəhrəsidir. Mənim üçün əla başlağıc oldu. Nəticəni də normal qarşılayıram. Yaxşı olardı, qalib gələk, ancaq bu gün hansı komanda ilə qarşılaşdığımızı unutmasaq, nəticənin ədalətli olduğunu deyə bilərik.
- Ancaq dərhal səhvə yol verdin və rəqibin hesabı bərabərləşdirməsinə şərait yaratdın. Halbuki məşqdə də baş məşqçi müdafiədə bu qədər top saxlamağın yolverilməz olduğunu qeyd etmişdi…
- Həmin epizod zamanı top rəqibin əlinə dəymişdi. Ancaq hakim cərimə zərbəsi təyin etmədi. Halbuki, qayda pozulmuşdu.
- Hakimlər çox tərəfkeşlik eləyirdilər?
- Ədalətli idarəçilik olmadı. Onlar öz komandalarının xeyrinə qərarlar qəbul edirdilər. Təbii ki, bu da bizi əsəbləşdirirdi. Oyunun gərginləşdirən məqamlardan biri də düzgün idarəçiliyin olmaması idi.
- Növbəti rəqib Rusiya yığması olacaq. İzlədiyiniz Rusiya necə təsir bağışladı?
- Çətin oyun olacaq. Onların geniş heyəti var. Bugünkü səhvləri etməməliyik. Etsək, bizim üçün çətin və xoş olmayacaq.
- Turnirlə bağlı millimizin şansı nə qədərdi?
- Əlbəttə, yaxşı başlanğıcdan sonra şansımızın olduğunu niyə də deməyək. Digər oyunlarda bugünkündən daha yaxşı oynamalıyıq, səhvləri minimuma endirməliyik. Məncə, yekunda hər şey mümkündür. Əsas odur ki, bu, bir sınaqdı, komandanın gücünü yoxlamaq üçün yarışdı. Vacib olan Avropa çempionatında uğur qazanmaqdır.