"Avropanın hər bir ölkəsi Çempionlar Liqasının qrup mərhələsində təmsilçisinin olmasını istəyir. Bu, futbolun inkişafına böyük təkan verir. Bizim qrupa düşməyimizi futbolçuların, azarkeşlərin və bütün xalqımızın necə qarşıladığını hər kəs gördü”.
Sportarena.az xəbər verir ki, bunu UEFA-nın rəsmi saytına müsahibəsində "Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib. 35 yaşlı müdafiəçinin sözlərinə görə, "Qarabağ”ın Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazanmasından sonra Azərbaycanda futbola sevgi beşqat artıb. R.Sadıqov deyib ki, artıq hər kəs futbol barədə danışır:
"Uşaqlar, qadınlar, yaşlı nəsil, bir sözlə hər kəs bizim oyunlarımızı müzakirə edirlər. Bu, irəliyə atılmış önəmli addımdır. Biz son 7-8 ildə planlı şəkildə işləyirdik və ÇL-in qrupuna düşmək əsas hədəfimiz idi”.
R.Sadıqov qrup mərhələsindəki rəqiblərdən söz açıb. O deyib ki, bu komandalarla başqa turnirlərdə də qarşılaşa bilərdilər, lakin ÇL-in ab-havası tam başqadır:
"ÇL-in qrup mərhələsi futbolun zirvəsidir. Bu yarışla dünya və Avropa çempionatları müqayisə oluna bilər. "Çelsi”, "Roma” və "Atletiko”ya qarşı heyətimizdə çox sayda yerli futbolçularla mübarizə aparmaq ciddi sınaq, böyük təcrübə və əsl məktəbdir. Bu, Azərbaycan üçün tarixi hadisədir”.
"Qarabağ”ın kapitanı Azərbaycanda idmana və futbola olan dövlət qayğısına da diqqət çəkib. Onun sözlərinə göpə, inkişaf üçün dəstək önəmlidir:
"Son 10-15 ildə Azərbaycanda idmana, xüsusən də futbola dövlət tərəfindən böyük diqqət göstərilir, böyük məbləğdə vəsait ayrılır. Son vaxtlarda ümidləri doğrultmağı bacarırıq. Avropa Liqasının və ÇL-in qrupuna düşürük, millimiz əvvəlki dövrələrlə müqayisədə daha çox xal toplayır. Bəli, ola bilər ki, avrokuboklarda böyük nəticələr əldə etməmişik və yığmamız dünya və Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmayıb, ancaq bizim futbolun gənc olduğunu unutmamalıyıq. Bu amili nəzərə alsaq, bizim çıxışımız layiqlidir. Biz öz oyunumuz və əldə etdiyimiz nəticələrlə dəstəyin qarşılığını vermək istəyirik”.
R.Sadıqov Ağdam komandasının azarkeşlərini xüsusilə vurğulayıb. O, fanatların dəstəyini daim hiss etdiklərini deyib:
"Fikrimcə, hazırda Azərbaycanda futbol popluyarlığın pik nöqtəsindədir. Düzdür, "Neftçi”nin SSRİ dövründəki vaxtları ilə müqayisə etməzdim. Həmin illərdə ölkə çempionatının oyunlarında belə stadionlara çox sayda adam gəlirdi. Lakin Azərbaycan futbolunun yeni tarixində bu cür populyarlıq olmayıb.
"Qarabağ” azarkeşlərinə gəlincə, hava şəraitindən və nəticələrdən asılı olmayaraq, həmişə bizi dəstəkləyirlər. Aramızda bir-birimizə doğma olmaqla bağlı hiss var. Futbolçularımızın çoxu azarkeşlərin əksəriyyəti ilə şəxsən tanışdırlar və onlarla tez-tez görüşürlər. ÇL və Avropa Liqasının matçlarında stadionda xüsusi atmosfer olur. Bunu bizim legionerlər və rəqiblər də bilir. Azarkeşlərimiz əla atmosfer formalaşdırırlar və rəqibə təzyiq göstərirlər”.
Kumirlərindən söz açan kapitan onların adlarını da söyləyib:
"Uşaq vaxtı kumirim adlandıra biləcəyim futbolçular vardı. Devid Bekhem və Fabio Kannavaronu xüsusilə fərqləndirərdim. Son zamanlar isə Lionel Messi və Kriştianu Ronaldu. Hər ikisinə rəğbət bəsləyirəm. Onların uzun illər formalarını stabil saxlamalarına təəccüblənirəm. Lakin indi hansısa futbolçuya azarkeşlik etdiyimi söyləyə bilmərəm. Elə birisi yoxdur. Yəqin bu yaşla əlaqədardır. Artıq 35 yaşım var”.
R.Sadıqov "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun istedadına da toxunub. O, deyib ki, Q.Qurbanovun fəlsəfəsini reallaşdırmağa çalışırlar:
"Qarabağ”ın komanda oyunu nümayiş etdirməsi baş məşqçimizin xarakterinin təcəssümüdür. Qurban Qurbanovu bu sözlərlə ifadə etmək olar: Nəcib, xeyirxah, səmimi və təvazökar insan. Bizim komandamız məhz bu cür uşaqlardan formalaşdırılıb. Rəqiblərə hörmətlə yanaşırıq və "feyr-pley”ə əməl edirik. Müdafiəyə qapanmağı sevmirik və istənilən rəqibə qarşı hücum futbolu sərgiləməyə çalışırıq”.
R.Sadıqov "Roma” ilə Bakıdakı ilk matçı da xatırlayıb. O, sentyabrın 27-də II tur çərçivəsində baş tutan görüşün onlar üçün həyacanlı və ağır başladığını söyləyib:
"Erkən iki qol buraxdıq. Öz azarkeşlərimiz önündə yaxşı oynamaq çox önəmli idi. Özümüzdə güc tapıb hesabı və oyunu dəyişdirə bildik. Rəqibə daha çox müqavimət göstərməyə başladıq. Lakin ya güc, ya da ustalıq çatmadı. Ancaq matçdan sonra hər kəs məmnunluğunu ifadə etdi. Əlbəttə, ən azı 1 xal qazanmaq istyirdik, lakin alınmadı”.
Qeyd edək ki, "Qarabağ” bu gün ÇL-in qrup mərhələsinin sonuncu – VI turunda "Roma”nın qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. (Report.az)