Çempionlar Liqasının qrup mərhələsinin son oyununda səfərdə "Roma"ya uduzan (0:1) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- “Roma”nı təbrik edirəm. Onlara növbəti oyunlarında uğurlar arzulayıram. Çox istərdim ki, məğlub olmayaq. Amma bir qol buraxdıq. Buna baxmayaraq, razı qaldım. Layiqli çıxış etməyə çalışdıq. Ağır idi. Komandamız məğlub olmaq istəmirdi.
- Ümumilikdə qrup mərhələsindəki çıxışınızı necə dəyərləndirərdiz? Ağabala ilə Ramilin - son dəqiqələrdə ikisinin eyni vaxtda buraxılması məğlub olmaq istəməməyinizdən irəli gəlirdi?
- Çıxışımızı normal hesab edirəm. “Çelsi” ilə ilk oyunu kənara qoysaq, futbolçularımız layiqli çıxış etdilər. Bəlkə də, əlavə xallar qazanmaq imkanımız var idi. Amma bəzi oyunlarda vərəqə aldığımız epizodlarda futbolçularımızda təcrübə çatmadı. Ümumilikdə, razı qaldım. Rəqiblərimizin hər biri ilk iki yeri tutmağa layiq idilər. Ramillə Ağabalanı oyunun gedişatına uyğun olaraq meydana burdaxdıq. Hücumda hərəkətliliyi artımağı düşündük. Onlar hücum xəttində sürəti daha da artırmalı idilər.
- Qrupda üç oyunda qırmızı vərəqə aldınız. Onlar olmasaydı, bunun qrupdakı yerinizə təsiri ola bilərdimi? Bu gün müdafiə xəttinizin çıxışını necə dəyərləndirərdiz? Üç aparıcı futbolçunun yoxluğunda müdafiə xəttinin çıxışından razı qaldınızmı?
- Öncə bizim kimi komandalarda əlimizdə nə qədər çox oyunçu olsa, variantlar da çox olur. Onların olmaması bizim üçün sıxıntılar yaratdı. Daha çox xal toplaya bilərdikmi - bunu deyə bilmərəm. Müdafiə xəttinin oyununa gəlincə, bir-iki epizodu çıxmaq şərtilə, çox diqqətli oynadılar. Hər bir futbolçunun oyunundan razı qaldım. Xüsusilə də müdafiə xəttindən. Sadəcə, hücum xəttində düşündüyümüz bəzi epizodlar alınmadı.