Çempionlar Liqasında (ÇL) mübarizəni dayandıran “Qarabağ”ın UEFA-dan alacağı vəsaitin təqribi məbləği məlum olub.
Sportaren.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası 16 milyon avro əldə edəcək.
2015 - 2018 kommersiya tsiklində gəlirlərin bölüşdürülmə sxeminə əsasən, ÇL-in qrup mərhələsinə vəsiqə qazanan bütün klublara 12,7 milyon avro ödəniləcək. Qrup mərhələsində isə qələbəyə görə 1,5 milyon, heç-heçə üçün isə 500 min avro veriləcək. Hər bir heç-heçədən qalan 500 min avro isə qrup mərhələsinin bütün iştirakçıları arasında qələbə sayına uyğun olaraq bölünəcək.
Əlavə olaraq, marketinq gəlirləri bir sıra amillərə, o cümlədən klubun məxsus olduğu ölkənin teleyayım bazarındakı çəkisinə görə paylanılacaq.
Beləliklə, ÇL-in qrupuna düşməklə 12,7 milyon avro qazanan “Qarabağ” iki heç-heçə etməklə, əlavə 1 milyon avro götürüb. 2017/2018 mövsümündə qrup mərhələsində 20 heç-heçənin qeydə alındığını nəzərə alsaq, bu, əlavə 10 milyon avro deməkdir. Lakin Ağdam klubu heç bir matçda qalibiyyət sevinci yaşamayıb.
Ötən mövsüm “Qarabağ” kimi 2 heç-heçə etməklə qrup mərhələsini sonuncu pillədə başa vuran İsveçrənin “Bazel” klubuna marketinq gəlirlərindən 2 milyon 568 min avro ödənilib. Bazardakı çəkisi Azərbaycana daha yaxın olan Xorvatiya təmsilçisi və qrup mərhələsini 0 xalla başa vuran Zaqreb “Dinamo”su isə 2 milyon 282 min avro qazanıb. Bu isə o deməkdir ki, "Qarabağ" ən pis halda təqribən 2 milyon 300 min avro marketinq pulu alacaq. Yəni, ümumi qazanc 16 milyon avro təşkil edəcək.
Qeyd edək ki, sxemə əsasən, 1/8 finala çıxan hər bir klub 6 milyon avro, 1/4 finala yüksələnlər 6,5 milyon avro əldə edəcək. Yarımfinalçılara 7,5 milyon, finalda məğlub olan kollektivə 11 milyon avro ödəniləcək. Turnirin qalibinə isə 15,5 milyon avro veriləcək. (Report)