2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsi çərçivəsində Bakı İtaliyanın paytaxtı Roma ilə birgə A qrupunun oyunlarını qəbul edəcək.
Sportarena.az xəbər verir ki, bu haqda qərar UEFA-nın İcraiyyə Komitəsinin İsveçərnin Nyon şəhərində keçirilmiş iclasında qəbul edilib. Avropa çempionatının açılış oyunu Roma şəhərindəki Olimpiya stadionunda keçiriləcək.
Onu da qeyd edək ki, ölkəsində final mərhələsinin oyunları təşkil ediləcək milli komanda bu mərhələyə vəsiqə qazanacağı təqdirdə, ən azı iki qrup oyununu doğma meydanda keçirəcək.
Əvvəlcədən turnirə ev sahiblik edəcəyi planlaşdırılan Brüsselin (Belçika) turnir üçün inşa etdiyi stadion lazımı vaxtda hazır olmadığından bu şəhərin adı təşkilatçılar siyahısından götürülüb. Bu şəhərin qəbul edəcəyi oyunlar Londona verilib.
Qrup oyunlarının şəhərlər üzrə bölgüsünü diqqətinizə çatdırırq:
A qrupu: Roma (İtaliya) və Bakı (Azərbaycan)
B qrupu: Sankt-Peterburq (Rusiya) və Kopenhagen (Danimarka)
C qrupu: Amsterdam (Niderland) və Buxarest (Rumıniya)
D qrupu: London (İngiltərə) və Qlazqo (Şotlandiya)
E qrupu: Bilbao (İspaniya) və Dublin (İrlandiya)
F qrupu: Münhen (Almaniya) və Budapeşt (Macarıstan)
Qrup oyunlarından başqa, Bakı Olimpiya Stadionunda 1/4 final mərhələsinin bir oyunu da keçiriləcək.