Tərlan Əhmədov: "Legionerlərdən gedənlər olacaq"

18:39 10 Dekabr 2017

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Zirə”yə uduzan (0:1) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Əhmədov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- Kubok oyunu iki matçdan ibarətdi. Bəzən belə oyunlarda bir qol hər şeyi həll edir. 90 dəqiqə oyuna nəzarət etdik. Lakin qol çatışmadı. Rəqib bir qol vurdu və qalib gəldi. Yaxşı oynadıq. İnşallah, cütün taleyi bizim meydançada həll olunacaq.

 

- “Neftçi”nin start heyətində cəmi bir legioner var idi. Bu, nə ilə bağlı idi? 
- Bu gün yerli oyunçular legionerlərdən heç də geri qalmadılar. Həm də, Barqas son oyunlarda çox aşağı səviyyədə çıxış etdi. Əksinə, Mirabdulla Abbasov son oyunlarda yaxşı təsir bağışlayırdı. O ki qaldı Herreraya, onun “Qarabağ”la oyundan sonra zədəsi var idi. Yeni sağalmışdı. Bu gün ümumiyyətlə, yerli oyunçular legionerlərdən heç bir məqamda geri qalmadılar.

 

- Belə başa düşdük ki, legionerlərdən narazısız. Demək olar ki, qışda ciddi dəyişikliklər olacaq? 
- Xeyr. Ciddi dəyişiklik olmayacaq. Bəli, legionerlərdən gedənlər olacaq. Lakin bu, geniş formada olmayacaq. Bir dəfə AZAL-da belə etdik, 16 futbolçu gətirdik və sonda bunun acısını çəkdik. Buna görə, qışda ciddi dəyişikliklər gözlənilmir.

 

- Komanda “Zirə”yə qalib gələ bilmir. Bu, futbolçular üzərində təzyiq yaratmamışdı ki? 
- Bəli, hər bir komanda üçün arzuolunmaz rəqib olur. “Zirə” də bizim üçün arzuolunmaz rəqibdi. Ancaq cüt iki oyundan ibarətdi. Rəqib bu gün gözlədiyimiz kimi, əks-hücumdan oynadı. Bizdə isə sadəcə, qol çatışmadı.

 

- Bu hesabdan sonra şansları neçə faiz dəyərləndirirsiz? 
- Hər şeyə cavab oyununda aydınlıq gələcək.

 

- Bu gün “Neftçi” üstün olsa da, oyunun taleyini fərdi ustalıq səviyyəsi həll etdi. Lakin sizin komandada oyunu öz üzərinə götürəcək futbolçu yoxdu. Bu barədə rəhbərliklə danışacaqsız? 
- Bəli, bizdə bu cür futbolçu yoxdu. Bu barədə “Qəbələ” ilə oyundan sonra da demişdim. Bu barədə rəhbərliklə danışmışam. Qışda “Neftçi”nin oyununu gücləndirəcək futbolçu cəlb etmək istəyirik.

 

- Namiq Ələsgərovun oyunu barədə nə deyə bilərsiz? 
- Son vaxtlar onda geriləmə var. Onun potensialı çox-çox artığına imkan verir. “Qəbələ” ilə oyundan sonra onu tanımaq olmur. Bir qədər qapalı insandı. Danışıb müəyyənləşdirə bilməmişik. Bəlkə də, ailəsində nə isə problem var. Çalışacağıq onunla danışıb, bu problemi həll edək.


Digər xəbərlər

Xəbər xətti