Avropa Liqasının 1/16 final mərhələsində “Atletiko” ilə qarşılaşacaq “Kopenhagen”in baş məşqçisi Stol Solbakken püşkü dəyərləndirib.
Sportarena.az xəbər verir ki, norveçli mütəxəssis “Atletiko” barədə danışarkən, “Qarabağ”ı da xatırlayıb. “Köhlən atlar” Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”i mübarizədən kənarlaşdırıb, qrup mərhələsində isə “Atletiko” ilə hər iki oyunda heç-heçə etmişdi. Solbakken yerli mətbuata açıqlamasında Ağdam təmsilçisinin “Atletiko” ilə oynamağın mümkün olduğunu sübut etdiyini bildirib:
“Avropanın ən güclü komandalarından biri ilə qarşılaşacağıq. Bundan daha çətin püşk düşünmək mümkün deyildi. Lakin Çempionlar Liqasında rəqibimiz olmuş “Qarabağ” qrupda “Atletiko” ilə başabaş mübarizə apardı. Bu, onu göstərir ki, mümkünsüz heç nə yoxdu. Ancaq yenə də, bizim üçün çox çətin olacaq”.