Peşəkar səviyyədə fəaliyyətini dayandıran "Şəmkir” birdəfəlik tarixin yaddaşına qovuşmayacaq.
Sportarena.az xəbər verir ki, komanda həvəskarlar arasında keçiriləcək "Region Liqası”nda çıxış edəcək. Kəndlərarası Şəmkir çempionatının keçirilməsi də yeni yaradılan komanda üçün oyunçu seçiminə hesablanıb.
"Region Liqası"na önəm verən qərb klubu, töhfələrindən yararlanması üçün üçün Türkiyədən mütəxəssis də dəvət edib. Söhbət hazırda "Konyaspor"da menecer vəzifəsini icra edən Cenk Özcandan gedir. Bu vaxtı ilə Aykut Kocaman, Mehmet Özdilek, Hikmət Karaman, Yılmaz Vural kimi məşqçilərlə çalışan Özcanın Şəmkirə ikinci səfəridi. Cenk Özcan eyni zamanda Türkiyədə "Qalasataray"ın əvəzedici komandasını çalışdırıb, "Ankaragücü" və "Kasımpaşa" kimi klublarda məşqçi vəzifəsini icra edib.
Bu gün türkiyəli qonaq Şəmkir Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədovla görüşüb. Rayon İcra Hakimiyyətinin başçısı qonağı Şəmkirdə görməkdən məmnun olduğunu bildirib və rayonda keçirilən furbol birinciliyinin onlar üçün əhəmiyyətindən danışıb:
"Turnirin keçirilməsində məqsəd rayonda futbolun inkişafına dəstək, böyüməkdə olan gənc nəslin sağlam ruhda tərbiyə olunması, futbol azarkeşləri və ümümilikdə bütün rayonda ictimai fəallığın təmin edilməsidir”.
Cenk Özcan da öz növbəsində Şəmkirdə olmaqdan məmnunluğunu bildirib və tarixi köklərə malik olan "Şəmkir” klubu ilə əməkdaşlığa önəm verdiklərini qeyd edib.
Türkiyəli mütəxəssis Şəmkirdə davam edən rayon birinciliyinin gələcəkdə "Şəmkir” klubu üçün bir baza formalaşdıracağını vurğulayıb.