Tərlan Əhmədov: "Yumruq başlarının üstündə olmasa, yaxşı oynamırlar"

22:33 14 Dekabr 2017

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda evdə “Zirə”ni 2:0 hesabıyla məğlub edərək, yarımfinala adlayan “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Əhmədov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- İlk növbədə bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Bu qələbədə onların payı çoxdu. İlk hissədə daha maraqlı oynadıq. Ancaq ikinci hissədə rəqib bizi geriyə oturmağa məcbur etdi. Kubok oyunu həmişə belə aqressiv keçir. 2017-ci ili qələbə ilə başa vurduq. Buna görə, klub rəhbərliyini, futbolçuları və azarkeşləri təbrik edirəm.

 

- Erreraya oyun zamanı narazılığınız oldu. Onu buna görə əvəzlədiz?
- Onun artıq gücü tükənmişdi. Bu oyunun aqressivliyi hiss olunurdu. “Neftçi” son illərdə “Zirə”yə qalib gələ bilmirdi. Errera son dəqiqələrdə yorulmuşdu.

 

- Qış hazırlığı planı hazırdı?
- Bəli, hazırdı. Ayın 5-dən hazırlığıa başlayacağıq. Toplanış barədə mətbuat xidməti ətraflı məlumat verəcək. Mənim işim komandanı hazırlamaqdı.

 

- Namiq Ələsgərovun oyunu barədə nə deyə bilərsiz?
- Elə oyunçular var ki, potensialından çox aşağı oynayır. Onlardan biri də Namiqdi. Mən hələ də, onun potensialını aça bilmirəm. Bura “Neftçi”di. Bu komandaya 7-8-ci yeri tutmağa gəlməmişəm. Komanda güclənməlidi, rəqabət olmalıdı. İstərdim ki, 3 eyni səviyyəli qapıçımız olsun. Son oyunlarda Allaha yalvarıram ki, Rəşad Əzizliyə heç nə olmasın. Çünki ehtiyat qapıçımız yoxdu.

 

- Nizami Hacıyev maraqlandığınız futbolçulardan idi. Ancaq onun bağışlanmaq ehtimalı var. Bağışlansa, onun komandaya transferi nə dərəcədə mümkündü?
- Apellyasiya verib, təmiz çıxarsa... Bu, təkcə mənim işim deyil. Komandanın rəhbərliyi var. Müzakirə olunmalıdı. “Neftçi” tarixi olan komandadı. Nizamini artıq gündəmdən çıxarmışıq. Belə məsələlərdə diqqətli olmalıyıq. Klubun imicindən söhbət gedir.

 

- Elnur Süleymanovun əsgərlikdə olduğu deyilir...
- Elnur AZAL-da mənim rəhbərliyim altında çıxış edib. Potensialına bələdəm. Onun harda olmasını menecerindən soruşun.

 

- Mirabdulla Abbasovun oyunu barədə nə deyə bilərsiz?
- Onun potensialı çoxdu. Son illərdə Azərbaycanda onun kimi hücumçu yetişməyib. Lakin onun ən pis xüsusiyyəti tənbəlliyidi. Bu oyunun da sonlarında damarı damarının üstünə çıxmışdı. Bizim futbolçular elədi ki, yumruq başlarının üstündə olmasa, yaxşı oynamırlar.

 

- Bu oyunu millinin baş məşqçisi Qurban Qurbanov da izlədi. Onunla görüşmüsüz?
- Hələ ki, görüşmək qismət olmayıb. Çünki vaxt məhdudiyyəti var. Lakin irəlidə görüşərək, fikir mübadiləsi apara bilərik.

 

- Namiq Ələsgərov qışda komandadan ayrılacaq?
- Xeyr, onun ayrılması gündəmdə deyil.


Digər xəbərlər

Xəbər xətti