Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 18-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Haydenhaym”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb. Komandasının yeganə qolunun ötürməsini də məhz Dmitri verib. Lakin erkən qola sevinən futbolçumuz və komanda yoldaşları son saniyələrdə buraxılan topla qələbəni əldən veriblər.
Xatırladaq ki, Nazarov ötən tur da komandasının 1:0 hesablı qələbəsinə qol ötürməsi ilə töhfə vermişdi.
“Ersgebirge” geridə qalan turlarda topladığı 23 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.