Azərbaycanın velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclərdən ibarət millisinin üzvləri polis tərəfindən saxlanılıb.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev özünün şəxsi “facebook” hesabında məlumat verib. O, millimizin üzvlərinin səhər saatlarında məşq edərkən polis tərəfindən saxlanılaraq, cərimə meydançasına aparıldıqlarını qeyd edib:
“Velosiped idmanının şosse növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin "Synergy Baku" kontinental klubunun üzvləri bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində məşq edərkən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onları müşayiət edən avtomobil də daxil olmaqla velosipedçilərin (!) hamısı Qala qəsəbəsində yerləşən 12 saylı cərimə meydançasına aparılıb. Məlumat üçün bildirmək istəyirəm ki, məşq prosesləri zamanı velosipedçilər və məşqçilər tərəfindən təhlükəsizlik qaydalarına hər zaman tam riayət olunur və mütləq şəkildə idmançıları federasiyanın avtomobilləri müşayiət edir.
Bundan başqa, qrup şəklində məşqə çıxan velosipedçilər hər zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun bütün tələblərinə riayət edirlər. Artıq bir neçə ildir ki, velosipedçilərimiz məşq prosesini məhz bu cür keçirlər və onların kütləvi şəkildə YPX tərəfindən cərimə meydançasına aparılması ilk dəfədir ki baş verir. Bilmirsən güləsən, yoxsa ağlayasan?”