"İndi meydana ötənilki kimi rahat çıxa bilmirsən" - MÜSAHİBƏ

12:59 21 Dekabr 2017

Yüksək Liqada “Marafon Futsal”ı məğlub etməklə “qış çempionluğu”nu təmin edən “Araz”ın üzvü Telez Taqo AFF-nın mətbuat xidmətinə müsahibə verib.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Əvvəlcə ən yaxın izləyiciniz olan “Marafon Futsal”la oyun haqda fikirlərini bildirərdiz.
- İndi çempionat çox maraqlı keçir. “Marafon Futsal” çempionatın güclü, həm də maraqlı komandalarındandı. Komandanın əsasını yerli oyunçular təşkil edir. Həmin futzalçıların bir neçəsi ilə milli komandada birgə çıxış etmişik. İranlı legionerlər də onlara yaxşı kömək edirlər. Belə deyək də, baş məşqçi yaxşı komanda formalaşdırıb. Oyun isə çox çətin, həm də gərgin keçdi. Çünki oyunöncəsi rəqiblə xal fərqimiz 1-ə bərabər idi. Düzdü, biz bir oyun az keçirmişik. Vacib olan 3 xalı qazanmaq idi.

 

- Futzal oyunları adətən çoxqollu keçir. Ancaq bu matçda cəmi 2 qol vuruldu. Az deyil?
– Bir neçə real qol epizodundan istifadə edə bilmədik. Mən 2 qol vurdum, amma 3 epizodda dirəyi nişan aldım. Həm də turnir cədvəlindəki vəziyyəti izah etdim və bu cür qarşılaşmalarda çox qol vurmağı, yaxşı oynamağı yox, 3 xal qazanmağı düşünməlisən. Çünki məğlub olsan, birinci pilləni əldən verəcəksən. Ona görə də, yekun hesab digər göstəricilərin önündə gəlir. Həm də rəqibimiz güclü komandadı. Təsəvvür edin, bu komandanın indiyə qədər 3 məğlubiyyəti var və bunlardan ikisi bizimlə oyunlarda alınıb. Deməli, digər komandalardan güclüdülər. İkinci pillədə yer almaları da sıradan deyil.

 

- Bu qələbənin “Araz” üçün özəlliyi qış fasiləsinə zirvədə yollanacağını təmin etməsidi.
- Bəli, xal fərqini artırdıq, ehtiyatda da bir oyunumuz var, qələbə qazansaq, fərqi böyüdəcəyik. Ancaq bu, çempion olduğumuzu təsdiqləmir. Hələ fasilədən sonra 2 dövrə var. Qışda komandaların necə hazırlaşacağını, kimləri transfer edəcəklərini bilmirik. Bunlar sonrakı oyunlarda həlledici rol oynayacaq. Həm də fasiləyə qədər 2 oyunumuz var. Növbəti oyunda “Neftçi” ilə qarşılaşacağıq. Bizim üçün təhlükəli komandadı. Xatırlayırsınızsa, çempionatda cəmi bir oyunda xal itirmişik. Məhz “Neftçi” son saniyələrdə vurduğu qolla heç-heçə etməyi bacardı. Bunu unutmamışıq və oyuna ciddi hazırlaşırıq.

 

- Bütün komandalarla qarşılaşmısınız. Rəqiblərinizdən hansını güclü hesab edirsiz?
- “Marafon Futsal” təhlükəli və güclü komandadı. EKOL və “Neftçi”də güclü rəqiblərdi. Amma “Marafon Futsal” onlardan bir addım öndədi. Komandanın mövqeyi də bunu deməyə əsas verir. 

 

- Azərbaycan çempionatında ikinci mövsümdü oynayırsız. Ötən illə müqayisə etsək, fərq varmı?
- Həm də çox fərq var. Ötən il çempionatda sanki 3 komanda - “Araz”, “Neftçi” və EKOL yarışırdı. Az-çox maraqlı oyunlar da bunların arasında olurdu. Digər komandalarla qarşılaşmalarda isə böyükhesablı nəticələr qeydə alınırdı. Bu il çempionat çox çətin keçir. İndi meydana ötənilki kimi rahat çıxa bilmirsən. Hətta sonuncu pillədə yer alan komanda da müqavimət göstərməyə çalışır. Fikir verin, əskər oyunlarda hesab arasındakı fərq böyük olmur. Bu mövsüm komandalar daha məsuliyyətli hazırlaşıblar. Bu da bizim xeyrimizədi. Müqavimət görəndə, daha yaxşı hazırlaşmalı olursan. Təbii ki, belə durum yerində saymağa yox, irəli addım atmağına kömək edir.

 

- İki turdan sonra istirahət başlayır. Bayramı Bakıda, yoxsa Braziliyada qarşılaşayacaqsız?
- Hələ qərar verməmişəm. Braziliyaya getməyəcəyim dəqiqdi. Çünki fasilə az olacaq. Ora gedib gəlmək isə 2 gün vaxt aparır. Üstəlik, saat fərqinə öyrəşmək də var. Həm də azyaşlı uşaqla bu qədər məsafə qət etmək yaxşı deyil. Həyat yoldaşımla danışacam. Yəqin ki, yaxın bölgələrdən birinə gedəcəyik. Ola bilər, bayramı Moskvada, bəlkə də Dubada qeyd etdik.


Digər xəbərlər

Xəbər xətti