Velosipedçiləri saxlayan polislə bağlı tədbir görüldü

16:18 21 Dekabr 2017

Azərbaycanın velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclərdən ibarət millisinin üzvlərinin polis tərəfindən saxlanıldığı, velosipedlərin cərimə meydançasına aparılması barədə məlumat vermişdik. Daha sonra yol qaydalarını pozduğu əsas gətirilərək Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılan velosipedçilər evə buraxılmış, velosipedlər isə geri qaytarılmışdı.

 

Sportarena.az xəbər verir ki , hadisədən dərhal sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev velosipedçilərin yol hərəkəti qaydalarını pozmadığını, onların qanunsuz saxlandığını açıqlamışdı. Federasiya rəsmisi “facebook” səhifəsində polisin məsələ ilə bağlı müvafiq tədbir gördüyünü qeyd edib:

 

“Dekabr ayının 17-də, bazar günü Bakıda velosipedçilərin YPX əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılması ilə bağlı bildirirəm ki, baş vermiş hadisə ilə əlaqədar AzVİF rəhbərliyinin Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova müraciətindən sonra məsələ dərhal həllini tapıb və velosipedlər sahiblərinə qaytarılıb. DİN rəhbərliyinin göstərişi ilə aparılmış araşdırmalar nəticəsində müəyyən olunub ki, insident bir nəfər rəhbər vəzifəli polis əməkdaşının qanunsuz “özfəaliyyəti” nəticəsində baş verib. Məsələ ilə bağlı lazımi tədbirlər görülüb və müvafiq tapşırıqlar verilib”.

 

Xatırladaq ki, velosipedçilər dekabrın 17-də, səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində məşq edərkən Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılmış, onları müşayiət edən avtomobil də daxil olmaqla velosipedçilərin hamısı Qala qəsəbəsində yerləşən 12 saylı cərimə meydançasına aparılmışdı.


Digər xəbərlər

Xəbər xətti