“Beşiktaş” qış transfer pəncərəsində ilk keçidi reallaşdırıb.
Sportarena.az xəbər verir ki, “qara qartallar” Kiyev “Dinamo”sunun və Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vidanı heyətinə cəlb edib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Vida “Beşiktaş”ın rəsmiləri ilə birlikdə bu klubun formasında şəkil çəkdirib.
28 yaşlı futbolçu ilə 3,5 illik müqavilə bağlanıb. Vidanın “Dinamo” ilə müqavilə müddəti başa çatdığından, “Beşiktaş” onun keçidi üçün heç bir məbləğ ödəməyəcək. Xorvat arxa xətt oyunçusu İstanbul təmsilçisinin düşərgəsinə yanvarın 3-də qoşulacaq.
Futbolçu karyerasına “Osiyek”də başlayan müdafiəçi, daha sonra Zaqreb “Dinamo”su və “Bayer”in uğurları üçün çalışıb. O, 2012-ci ildən Kiyev “Dinamo”sunda top qovurdu.
Vida cari mövsümdə şans qazandığı 18 oyunda 2 qol vurub.