Bu gün Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə açıq turnirinə start verilib.
Sportarena.az xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə baş keçirilən yarışda paytaxt və regionlarda fəaliyyət göstərən idman təşkilatlarından 1997-ci il və daha kiçik təvəllüdlü yeniyetmə və gənc ağır atletlər iştirak edirlər.
Artıq 50 kq çəki dərəcəsində qaliblər müəyyənləşib. Ömər Cavadov toplam 165 kq (75+90) nəticə ilə qızıl medala sahib çıxıb. İkinci yeri 148 kq (68+80) nəticə ilə Əvəz Tağıyev, üçüncü yeri isə 127 kq (56+71) nəticə ilə Heydər Yusifov tutub.
Turnirin keçirilməsində məqsəd Milli Qəhrəman F.Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, onun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliği və inkişaf etdirilməsi, ən güclü idmançıların aşkar olunması, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.