Azər Əliyev: “Azərbaycan idman ölkəsi olduğunu bu il qazanılan uğurlarla bir daha təsdiqlədi”

00:07 27 Dekabr 2017

Azərbaycan idman ölkəsidir. Bunu artıq bütün dünya, idman ictimaiyyəti bilir. Azərbaycanda idmanın, Olimpiya hərəkatının inkişafı ilə bağlı məqsədyönlü siyasət aparılır. Artıq neçə illərdir ki, ölkəmizdə irimiqyaslı beynəlxalq yarışlar keçirilir.

 

Sportarena.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev AZƏRTAC-a müsahibəsində idman ilinin yekunları və idmançılarımızın uğurları barədə danışıb.

 

– 2016-cı ildə olduğu kimi, yola salmağa hazırlaşdığımız 2017-ci il də ölkəmizin idman həyatında bir çox hadisələrlə, qələbələrlə yadda qalıb. Siz, ilk növbədə, nəyi qeyd edərdiniz?

– Əlbəttə, ən əsas idman nailiyyətimiz kimi, biz bu il Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarını qeyd etməliyik. Məlumdur ki, biz bu yarışlarda medal sayına görə güclü Türkiyə yığmasını qabaqlayaraq birinci yeri tutduq. Azərbaycan iki il bundan əvvəl birinci Avropa Oyunlarını, bu il isə İslamiadanı yüksək səviyyədə keçirməklə nümayiş etdirdi ki, istənilən beynəlxalq idman tədbirini uğurla təşkil etməyə qadirdir.

Digər nailiyyətlərlə yanaşı, “Qarabağ” futbol komandası da bizi çox sevindirdi. Azərbaycan futbolunun tarixində bizim komanda ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Ağdam klubu “Çelsi”, “Roma” və “Atletiko” kimi adlı-sanlı rəqiblərə qarşı layiqli oyun nümayiş etdirdi. Madrid komandası ilə iki heç-heçəni isə heç kim gözləmirdi. Onlara əhsən, yaxşı oyun göstərməyi bacardılar.

Bundan başqa, idmanın fərdi növlərində də uğurlarımız olub. Məhəmmədrəsul Məcidov boks, Hacı Əliyev güləş üzrə üçqat dünya çempionu olublar. Həmçinin xatırlatmaq istərdim ki, Bakıda ikinci dəfə Formula-1 yarışları keçirildi. Bir çoxları budəfəki yarışı mövsümün ən maraqlı və yaxşısı adlandırdılar. Beləliklə, Azərbaycan üçün idman ilinin uğurlu olduğunu deyə bilərik.

 

– Sizin təşəbbüsünüz olan “İdman hamı üçün” layihəsi barədə nə deyə bilərsiniz? Həmin layihənin məqsədləri nədən ibarətdir? İndiyədək nə kimi işlər görülüb?

– Bu layihə Beynəlxalq Olimpiya Komitəsinin “Gündəlik-2020” təşəbbüsü əsasında yaranıb. “Gündəlik”də dopinqə qarşı mübarizə, gender bərabərliyi, Olimpiya təhsili və başqa məqamlara aid 40 tövsiyə var. Bu il Azərbaycan Milli Olimpiya Komitəsi həmin gündəliklə əlaqədar komissiya yaradıb. Biz özümüz üçün hansı tövsiyələrin zəruri olmasını araşdırdıq. Qərara alındı ki, həll etməli olduğumuz birinci məsələ gender bərabərliyidir. Bildiyiniz kimi, Azərbaycanda qızların idmanla məşğul olması o qədər də geniş yayılmayıb. Müəyyən ənənələr, məhdudiyyətlər var. Qızlar arasında idmanı təbliğ etmək məqsədilə “İdman hamı üçün” adlı televiziya proqramı yaratmağı qərara aldıq. Eyni zamanda, idmanda gender bərabərliyini inkişaf etdirməklə yanaşı, biz hamı üçün sağlam həyat tərzini təbliğ etməyə çalışırıq. Proqram da belə adlanır: “İdman hamı üçün”. Bu o deməkdir ki, hamı – oğlanlar da, qızlar da, cavanlar da, yaşlılar da idmanla məşğul olmalı və hamı sağlam həyat tərzi keçirməlidir. Əsas məqsəd budur. İndi bizdə ikinci mövsüm başlanıb. Velosiped idmanı, cüdo haqqında süjetlər göstərilib. Bu proqram hər həftənin bazar günü “Space” telekanalında gündüz saat 12-də göstərilir.

 

– Son illər ağır atletika idmanında qazandığımız uğurlar göz qabağındadır. Ölkəmizdə idmanın bu növünün daha da inkişaf etdirilməsi üçün hansı tədbirlər görüləcək?

– Doğrudan da, IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışları bizim üçün çox uğurlu oldu. Biz 4 medal qazandıq – 1 qızıl və 3 bürünc. Təəssüf ki, dopinq ilə əlaqədar olaraq bizim federasiya və daha 8 ölkənin müvafiq qurumları diskvalifikasiya edilib. Biz beynəlxalq yarışlarda çıxış edə bilmirik. Federasiyanın məqsədi “Tokio-2020” və ya “Paris-2024” olimpiadalarında ölkəmizi ləyaqətlə təmsil edə biləcək gənc idmançılar hazırlamaqdır. Hesab edirəm ki, idmanın bu növündə bizim böyük potensialımız var. Biz bu potensialı Kosovoda, 15 yaşa qədər idmançılar arasında Avropa çempionatında nümayiş etdirdik. Orada idmançılarımız ümumi komanda hesabında birinci yeri tutdular. İstəyirik ki, bizim gənc idmançılar öz peşəkarlıqlarını daim yüksəltsinlər.

 

– 2019-cu ildə Bakıda Yeniyetmələrin Yay Olimpiya Oyunları keçiriləcək. Bu Oyunlara hazırlıq necə gedir?

– Bu il Macarıstanda belə bir yarış keçirildi. Bu, həqiqətən möhtəşəm yarış idi. Gənc idmançılar beynəlxalq səviyyəli bu cür geniş miqyaslı yarışlarda ilk dəfə iştirak etmək imkanı qazanmışdılar. Çox şadam ki, Yeniyetmələrin növbəti Yay Olimpiya Oyunları 2019-cu ildə bizim ölkədə, Bakıda keçiriləcək. Birinci Avropa Oyunları və İslamiada üçün yaradılmış infrastruktur var, müəyyən təcrübə toplamışıq. Ona görə də bu tədbirin keçirilməsində hər hansı çətinliyimiz olmayacaq. Həmin Oyunlar üçün nə lazımdırsa, demək olar ki, hazırdır.

Onu da xatırlatmaq istəyirəm ki, gələn il Azərbaycanda cüdo üzrə dünya çempionatı keçiriləcək. İdmançılarımız mütəmadi olaraq idmanın bütün döyüş növlərində – istər boks, istər güləş və ya cüdo olsun, – həmişə medallar qazanırlar. Ümidvarıq ki, bundan sonra da belə olacaq.

Gələn ilin fevralında Koreya Respublikasında Qış Olimpiya Oyunları keçiriləcək. Bizdə qış idman növləri o qədər də inkişaf etməyib. Həmin Oyunlarda ölkəmizi yalnız bir nəfər – dağ xizəkçisi təmsil edəcək. Onun yaxşı nəticələr qazanacağına ümid bəsləyirik.

Əminəm ki, növbəti idman ili də bizim üçün uğurlu olacaq. Çünki Azərbaycanda idman davamlı inkişaf edir, idmançılarımızın peşəkarlıq səviyyəsi getdikcə artır.

 

– Maraqlı söhbətə görə sağ olun.


Digər xəbərlər

Xəbər xətti