Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin Sportarena.az saytına müsahibəsi.
- Başa çatmaqda olan 2017-ci ili necə dəyərləndirirsiniz?
- İli Azərbaycan futbolu üçün uğurlu saya bilərik. Uzun müddət gözlədiyimiz məqama, arzuya çatdıq. Ölkəmizdə Çempionlar Liqasının himni çalındı. Bundan böyük sevinc, qələbə ola bilərmi? Bu uğurun yaşanması qalan çatışmazlıqları kölgədə qoydu.
- Cari mövsüm barədə nə deyə bilərsiniz?
- Yeni mövsümdə dəyişiklik hiss etmirik. Yeganə dəyişiklik ondan ibarətdir ki, “Sumqayıt” Azərbaycan Kubokunda “Qarabağ”ı mübarizədən kənarlaşdırdı. Bəlkə də bəzi futbolsevərlər bunu başqa cür qarşılayırlar. Şəxsən mən bunu sevindirci hal sayıram. Söhbət hansısa komandaya simpatiyadan getmir. Bu, onu göstərir ki, keçirdiyimiz yarışlarda haqq-ədalət var. Təşkil etdiyimiz çempionatlarda avrokuboklara vəsiqə qazanan komandaların hansı nailiyyətlət əldə etmələrinə fikir verin. “Qarabağ”ın uğurları digərlərinə nisbətən daha böyük idi. Bu komandadan sonra bizi ən çox sevindirən “Qəbələ” oldu. Heç vaxt görməmişik ki, Premyer Liqada 3-4-cü yerlərin sahibləri ilk 2 yeri tutanlardan avrokuboklarda daha yaxşı nəticə göstərsinlər. Yəni, keçirdiyimiz çempionat ədalətlidir. Hər komanda layiq olduğu yeri tutur və avrokuboklarda özünü doğruldur. “Qarabağ”ın “Sumqayıt”a məğlub olmasını qeyd etdim. Bu, o demək deyil ki, Ağdam klubuna paxıllığımız tutur. “Qarabağ” artıq Azərbaycan futbolunda nöqtəsini qoydu. “Qəbələ” isə iki mövsüm ard-arda sıfırdan başlayaraq, qrup mərhələsinə düşdü. Bu, danılmaz faktdır və Azərbaycan futbolunun inkişafından xəbər verir. “Sumqayıt”ın isə legionersiz, sırf yerli, cavan uşaqların hesabına “Qarabağ” kimi sınaqdan keçmiş komandaya qalib gəlməsini sevindirici hal kimi qəbul edirəm.
- Ötən mövsümlərlə müqayisədə hakimlərlə bağlı qalmaqallar azalıb. Bu, hakimlərin püxtələşməsi, yoxsa çempionatda intriqanın olmaması ilə bağlıdır?
- Rövnəq Abdullayev AFFA prezidenti olandan sonra tək futbolun deyil, hakimlərin də inkişafı üçün addımlar atdı. Milli assosiasiya istər yay, istərsə də qış fasiləsində hakimləri təlim-məşq toplanışlarına göndərib. Hazırlıq prosesi zamanı onların həm fiziki durumları qaydasına düşür, həm də oyun praktikaları artır. Toplanış dövründə Bakıda bir mövsüm ərzində keçirdikləri oyun sayı qədər idarəçilik edirlər. Bununla da təcrübələri çoxalır. Haqq-ədalət, düzgünlük olmasını istəyirik. Hakim səhvləri olub, olacaq da. Müqayisə aparaq: Hansısa dövlətin adını çəkməyəcəyəm, amma dəfələrlə olub ki, Avropanın müxtəlif çempiontalarının oyunları zamanı azarkeşlər “bizim hakimlərə min şükür” deyiblər. Özüm eşitmişəm. Bizim hakimlər çempionatın müqəddəratını həll etmirlər. Çempionatın taleyini komandalar özləri həll edirlər. Ancaq elə ölkələr var ki, çempionatı hakimlər idarə edirlər. Ancaq Rövnəq müəllim AFFA-ya gələn zaman bunları dedi: "Eşitsəm və bilsəm ki, hansısa hakim komandalara qarşı qərəzi və simpatiyası var, həmin şəxs aramızda olmayacaq".
- Bəzi hakimlərin futboldan kənarlaşdırılması bununla bağlıdır?
- Bəli. Heç kim deyə bilməz ki, məni haqsız uzaqlaşdırıblar. Səhv olur, izləyirik, baxırıq. Amma kiminsə haqqını yemək olmaz.
- PFL sizin prezidentliyiniz dönəmində bir sıra yeniliklərə imza atıb, zamanla ayaqlaşmağa çalışıb. İndi isə texnologiyalar dönəmidir. Azərbaycan futbolunda videotəkrar sisteminin tətbiqi gözlənilirmi və buna münasibətiniz necədir?
- Hər il bir yenilik olur. Növbəti il üçün də yenilik etmək fikrimiz var. Bunu çempionatın ortasında açıqlamağa gərək yoxdur. Premyer Liqanı relsə qoymuşuq. Öz axarı ilə gedir. Hazırda qalmaqallı söhbətlər, ədalətsizliklər olmasın deyə, bütün fikrimizi I Diviziona cəmləmişik. İndiki durumda əlimizdə elə bir cihaz, texnologiya yoxdur ki, qeyri-adi nəsə göstərə bilək. Ancaq nəzarəti böyütmüşük. Öz imkanlarımızdan istifadə edib, oyunlara nümayəndələrimizi göndəririk. Heç çoxunu futbol ictimaiyyəti tanımır. Bəlkə də, üzdən tanıyarsınız. Amma bilmirsiniz ki, PFL-in göstərişi ilə gedib. Bəzən jurnalistlər zəng vurur ki, filan oyunun nəticəsi bu cür gözlənilir. Biz də oyuna göndərdiyimiz adamın fikrini soruşuruq və baxırıq ki, üst-üstə düşmür. Kim inanardı ki, “Sumqayıt” “Qarabağ”ı keçəcək? Heç biriniz inanmazdınız. Amma mən Ramin Musayev deyirdim ki, “Sumqayıt” mərhələni keçəcək. Şahidim də “Qarabağ”ın direktoru Əmrah Çəlikəldir. Ona dedim ki, bura nahaq gəlmisiniz. Soruşdu: “Niyə”? "Ona görə ki, uduzacaqsınız" cavabını verdim. Oyundan sonra deyir: "Dəhşətə gəlirəm, uduzacağımızı hardan bilirdiniz?" Mən komandanın istəyini, ilk matçdakı oyununu gördüm. “Sumqayıt”ın prezidenti Kamran Quliyevdən soruşdum ki, sizin fiziki hazırlıq üzrə məşqçiniz kimdir? Dedi ki, baş məşqçi Samir Abasovun özü. Buna sevindim. Öz yetirməmiz, balamızdır. Yerli məşqçinin peşəkar olması, onun daha da əzmlə çalışacağı deməkdir. Çünki buradadır. Legioner məşqçinin nə vecinədir? Bacarmadı, çıxdı getdi. Onu Azərbaycan futbolunun gələcəyi maraqlandırmır. O, bu gün üçün gəlib, bu gün nailiyyət əldə etməyə çalışır. Amma bizim yerli məşqçilərimiz həm öz adları, həm də qoyduqları iz üçün səy göstərirlər. Futbolda bir dənə "ev tapşırığı" bilirik. Ona da hamı “Vaqif Sadıqovun ev tapşırığı” deyir. Künc zərbəsini nəzərdə tuturam. Bu, artıq Vaqif Sadıqovun izidir. Allah ona uzun ömür versin. Zamanı gələcək, hamımız gedəcəyik, o da gedəcək. Amma “Vaqif Sadıqovun ev tapşırığı” qalacaq. Hamı iz qoymağa çalışır. İlin məşqçisi seçimində digər seçimlər olsaydı, ikici yeri düşünmədən Samir Abasova verərdim. Tək Samir deyil. “Zirə”nin baş məşqçisi Ayxan Abbasovu götürək. Yaxşı, tərbiyəli oyunçu idi, amma güclü futbolçu olmayıb. Bu gün isə ona ulduz məşqçi demək olar. Elə də böyük olmayan büdcə ilə avrokuboklarda və çempionatda oyun göstərir. “Zirə” ilə oyundan əvvəl rəqiblər həyəcanlanır. Hətta “Qarabağ” da. Baş məşqçi kimdir? Ayxan. Buna sevinirəm. Əcnəbi məşqçidənsə, legioner futbolçunun olması yaxşıdır. Ancaq həmin futbolçu Azərbaycan gənclərinə örnək olmalıdır. Biz Rövnəq müəllimlə “Neftçi”də çalışanda, əqidəmiz bir şey idi ki, gələn legioner fayda versin. Georgi Adamiya, Vladimir Miçoviç, Branimir Subaşiç... Bir futbolçu deyin ki, bizim vaxtımzda “Neftçi”yə gəlib, oynamadan gedib. İşə peşəkar yanaşmışıq. Rəhbərliyin göstərişi o idi ki, çalışın, yanılmayın. Yəni, diqqətli olun, klubun adına ləkə gəlməsin. Az büdcə ilə nailiyyətlər əldə etdik. Ən azından “Birlik Kuboku”nu gətirdik, 2 mərhələ keçdik. Baxmayaraq ki, həmin vaxt AFFA rəhbərliyi bizə təzyiq göstərirdi. Ancaq bu gün heç bir klub deyə bilməz ki, onlara AFFA və ya PFL tərəfindən təzyiq olur. Mümkün deyil. Əqidəmiz futbolu inkişaf etdirməkdir. Bu gün futboldan rahat danışa bilərik. Lakin 2-3 il qabaq birdən biri sual versə, nə cavab verəcəyik? Mənə pis təsir edirdi.
- Yaxşı məqamlar mütləq vurğulanmalıdır. Lakin çatımazlıqlar da var. Məsələn, azarkeş sayının az olması hamını narahat edir. Artım üçün nə etmək lazımdır?
- Klublar oyunçulara diqqət etməlidirlər. Bu günlə müqayisədə, 4-5 il əvvəl oyunlara daha çox azarkeş gəlirdi. Xatırlayırsınızsa, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Neftçi” – “Xəzər Lənkəran” oyununa 20 min azarkeş gəlmişdi. Bu gün də həmin rekordu qıran yoxdur. Azarkeşlərin çox olması təkcə futbolçuların deyil, klubda çalışan rəhbərlərin də əziyyəti idi. Yaxşı mənada intriqa yaratmaq lazımdır. Azarkeş sönük oyuna baxanda, gələn dəfə gəlmir. Onlar futbolçulara azarkeşlik etməlidirlər. Qurban Qurbanov, Vidadi Rzayev, Georgi Adamiyanın hərəsinin öz azarkeşi vardı. Bu gün legionerlərimizin formalarını satışa çıxardaq, görək neçəsinin forması satılacaq?
- Əvvələr “Xəzər Lənkəran”, “Neftçi” kimi komandaların formaları çox satılırdı...
- “Xəzər Lənkəran”ın formalarını bu gün də azarkeşlərin əyinlərində görürəm.
- Bəlkə, azarkeşlərin gəlməməsində bəzi klub rəhbərlərinin də marağı var? Çünki təzyiqlə üzləşmək istəməyənlər də olur...
- Maraqları yox, günahları var. Hansı klub istər ki, azarkeş gəlməsin?
- Telefonunuza üzərində “Neftçi”nin loqosu əks olunan üzlük vurmusunuz...
- “Neftçi” hədiyyə etdi, mən də götürdüm. “Zirə” də versə, onu taxacağam.
- Gələcəkdə sizi “Neftçi”də görmək ehtimalı var?
- Xeyr, belə ehtimal yoxdur. Ola da bilməz.
- “Neftçi”nin hazırkı durumu ilə bağlı nə deyə bilərsiniz?
- Bugünkü rəhbər və məşqçilərindən razıyam. Əl-ələ verib işləyirlər. Tərlan Əhmədov peşəkar məşqçidir. Böyükağa Hacıyevlə bir yerdə çalışıblar. Avropa təcrübəsi olan, sözünü deyən mütəxəssisdir. Bu gün də “Neftçi”nin oyununda dəyişiklik var.
- Əvvəlki “Neftçi”nin geri döndüyünü söyləmək olar?
- Artıq dönüb də... Qışda seleksiya işində yanılmasalar, “Neftçi” sözünü deyə biləcək. Mənim bu kluba azarkeşlik etməyimə gəlincə, hər bir insanın qəlbində bir komanda var. Heç kim deyə bilməz ki, bütün komandalara azarkeşlik edirəm. Heç kəs onu da deyə bilməz ki, Ramin Musayev “Neftçi”yə kömək edib. Vəzifəmdən sui-istifadə etsəydim, “Neftçi” beşinci yerdə olmazdı. Kiminsə haqqını yemək ən azı vicdansızlıqdır.
- “Neftçi”yə qarşı da hakim səhvləri olub...
- Bəli, ən titullu, məşhur hakimimiz Əliyar Ağayev bu komandaya qarşı səhvlər edib. Ondan bunu gözləmirdim. İnsandır, qərəz olmasın. Səhv ola bilər.
- Bu il danışılmış oyunlarla bağlı istər I Divizionda, istərsə də Premyer Liqada cəzalananlar oldu. Buna münasibətiniz necədir? Qurban Qurbanov deyir ki, danışlmış oyunlar vüsət alacaqsa, I Divizonun olmasındansa, olmaması yaxşıdır...
- Deyilənlər doğrudursa, bu fikirlə tamamilə razıyam. Bütün komandalar oyun alqı-satqısı ilə məşğuldurlarsa, onda I Divizion nəyə lazımdır? Ona görə də əvvəldə söylədim ki, bu il bütün fikrimizi I Diviziona yönəltmişik. Artıq Premyer Liqa relsdədir, gedir. Premyer Liqada 2 futbolçu və 1 məşqçiyə gəlincə, “Neftçi”dən kənarlaşdırılan hansı məşqçidir?
- Məşqçi-metodist Ağakişi Mehdizadə...
- Ona məşqçi deməzdim. Cavan uşaqdır, o, nə məşqçidir? Bu işlə məşğul olubsa, deməli, məşqçi deyilmiş. Hər iki futbolçunu (“Keşlə”nin sabiq futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidovu nəzərdə tutur – red.) gözəl tanıyıram. Mənim və Premyer Liqa üçün bu il ən böyük zərbə Mirhüseyn oldu. Gözləməzdim. Bu gün də deyirəm ki, kaş, yuxu olaydı. Mən “Neftçi”də işləyəndə, Mirhüseyn uşaq idi, bazada qalırdı. Bəzən soyuq olurdu. Onun ac qaldığı vaxtlar olub. Əziyyətlə böyüyən futbolçunun bu addımı atması mənə pis təsir etdi.
- 2018-2019 cu illərdə Futbolun İnkişafına dair Dövlət Proqramının qəbulu gözlənilir. Yeni Dövlət Proqramı ilə hansı problemlərin həllinə nail olmaq mümkündür?
- O proqramın hansı formada, nə ilə bağlı olduğu haqda məlumatım yoxdur. Bu barədə heç nə deyə bilmərəm. Proqram hazırlansın, görək, orada nə yazılıb? Ondan sonra danışa bilərik.
- Klublara teleyayım üçün vəsait verilmir...
- Klublara yayımla bağlı heç bir vəsait ayrılmayıb. İki ildir dayandırılıb.
- Klublar cərimə borclarını ödəyirlərmi?
- Bəziləri ödəmir. Ancaq ödəyənlər də var. Az-az ödəyirlər.
- Cari mövsüm bunları hesablamısınız? Premyer Liqa klublarının 14 tur ərzində PFL-ə 31600 manat borcu var. Ən çox borcu olan “Qəbələ” və “Qarabağ” klublarıdır...
- Elə cərimələr var ki, məsələn, qırmızı vərəqə keçilməz sərhəddir.
- Çoxlu pulları olduğu üçün “Qəbələ” və “Qarabağ” bu qədər cərimə olunur?
- Xeyr. Biz heç kimi günahlandıra bilmərik. Bu, haram pul sayılar və bizə lazım deyil. Maddiyyatla bağlı heç bir klubla problemimiz yoxdur. Pula ehtiyac olanda "göndərin" deyirik. Onlar da göndərirlər. Qarşılıqlı işləyib bir-birimizi yola veririk (gülür - red.).
- Sizin işlədiyiniz dönəmdə klubların büdcəsi daha çox idi...
- Xeyr. Bu fikirlə razı deyiləm. Başqasının pulunu saymamışam. Mənim pulum həmin vaxt az idi (gülür - red.).
- Həmin vaxtlar heyətlər daha güclü, komanda sayı daha çox idi. Rəqabət, azarkeş, bir sözlə, hər şey var idi. Ancaq avrokubokda uğur yox idi. İndi isə komanda sayı azdır, azarkeş yoxdur, lakin Avropada uğur var...
- Komandalar layiq olduqları yerləri tutmalıdırlar. Mən Roman Qriqorçukun əməyini itirə bilmərəm. O insan rekord vurdu. Bu iş tək Qriqorçukla olmur. Legioner məşqçi də, futbolçu da yerlidən üstün olmalıdır. Məsələn, Azərbaycana adlı-sanlı Con Toşak gəldi. Belə məşqçilər çoxdur. Nə etdilər? Rövnəq müəllimin yaxşı ifadəsi var. Deyir ki, məşqçini bu gün təyin edirik və 5-6 aydan sonra qovuruq. Məşqçilərə vaxt vermək lazımdır. “Qarabağ” Qurban Qurbanova neçə il vaxt verdi? Baş məşqçi komanda yaratmalı, ondan sonra uğur qazanmalıdır.
- Razılaşmaq lazımdır ki, böyük klublar o qədər vaxt verə bilməzlər...
- Niyə verməsinlər? “Qarabağ” balaca klubdur?
- Qarabağ həmin dövr üçün nəticə istəmədi...
- Bəs bu gün nə etdi? Biz bu gün üçün yaşayırıq. Ona görə də uduzuruq. İnsan bu gün üçün yaşamamalıdır. Gələcəyə də baxmaq lazımdır.
- “Qarabağ”da işlər düzgün təşkil olunub...
- Məşqçidən həmin an uğur tələb olunursa, bu reallaşmayacaq. Məşqçidən oyunun düzgün qurulması tələb olunmalıdır. Kəmiyyət yox, keyfiyyət önəmli olmalıdır. Keyfiyyət olan yerdə hər şey olur. “Neftçi”də işləyəndə elə olub ki, komanda uduzub, amma biz mükafat vermişik. Rövnəq müəllim zəng edib dedi ki, oyuna baxdım uşaqlar çox gözəl oynadılar. Nə olsun ki, məğlub oldular? Onlara mükafat vermək lazımdır. Biz pulumuzun dəlisi deyildik. Büdcədən pul dağıtmaq istəmirdik. O, uşaqlara stimul verdi. Yəni, sizin əziyyətinizə rəhbərlik qiymət verir. Növbəti matçlarda komanda qələbə qazanırdı. “Neftçi” Moskvada “Punik”lə oynayanda belə xəbər gəldi ki, komanda oynamasın. Uşaqlar özlərindən çıxdılar. Oynamağa can atırdılar. Burada bəzi siyasi söhbətlər var idi. Komanda üzvləri dedi ki, onda biz futboldan gedək. Qələbə qazanacaqlarına inanırdılar. Rövnəq müəllim zəng vuranda dedim ki, mən sizə söz verirəm: "Biz iki top fərqi ilə qələbə qazanacağıq. Uşaqlarda o qığılcımı görürəm". Elə də oldu. Futbolçulara inanmaq lazımdır. Onların əziyyətinə də qiymət vermək önəmlidir. Siqaret çəkən, içki içən, gecə həyatı keçirən futbolçular komandada ola bilməzdi. Mən hər bir futbolçumun hansı evdə, hansı ünvanda qaldığını bilirdim. Bu gün klubun bazasında qalanlardan kənarda, kirayə yaşayan futbolçuların ünvanlarını klub rəhbərləri bilirlərmi? Əminliklə deyə bilərəm ki, 90 faizi bilmir. Amma mən ev nömrəsini və ünvanını da bilirdim. Maraqlanırdım.
- Kəmiyyət və keyfiyyət barədə danışdınız. Klub sayı çox olanda keyfiyyət aşağı olub. Siz də dediniz ki, 8 klub var və hər kəs layiq olduğu yerdədir. Belə çıxır ki, 8 komanda ilə davam edəcəyik və keyfiyyət bundan da yaxşı olacaq?
- 8 komanda ilə getmək istəmirəm. Ancaq məcburuq. Xatırlayırsınızsa, mən hansısa çıxışımda dedim ki, “Xəzər Lənkəran” gəlsin, oynasın. Halbuki, onlar birbaşa Premyer Liqada iştirak edə bilməzlər. Mən razılıq verirəm. Qoy, məni qanunu pozan şəxs kimi günahlandırsınlar. Cəza da versinlər. Təki onlar çempionatda iştirak etsinlər. Komandanın sayının çox olması bizə xeyir verir. Amma çempionata yeni komanda gəlirmi? Gələn olsa, gözüm üstə yerləri var. Böyük məmnuniyyətlə qəbul edərik. Komandalar çox olanda futbolçuya ehtiyac daha çox idi. Həmin sayda futbolçular yox idi. Məşqçi məcbur qalıb futbolçunu limitə görə oynadırdı. Amma bu gün yaxşı futbolçular var. Limitlə bağlı problem də yoxdur. Kim yaxşıdırsa, onu da götürürlər. Elə futbolçular var ki, ona görə zəng vururlar ki, nə olar bunu I Divizionda bir komandaya qoyaq. Həmin futbolçuya Premyer Liqada elçi düşürdülər. İndi isə I Divizionda klub axtarır. Günahkar kimdir? Futbolçunun özü və oynadığı klubun rəhbəri. Futbolçu cavan uşaqdır. Evdən futbol adı ilə çıxır. Valideynlər nə bilsinlər ki, bu, hara gedir? Birinci növbədə, klub rəhbərliyi bilməli, futbolçunun nə ilə məşğul olduğunu araşdırmalıdır. Mən legionerləri yerli futbolçulardan daha çox sıxırdım. Futbolçulara deyirdim ki, sizin bir probleminiz var: o da futbol oynamaqdır. Qalan bütün problemləriniz mənlikdir. Mənə deyin, həll edəcəyəm. Gecə saat 3-də futbolçu zəng edib ki, qəza törətmişəm. Mən ona dedim ki, açarı maşının üstünə qoy, get. Söhbət azərbaycanlı futbolçudan gedir. Bu çıxışımı görsə, özü də təsdiqləyəcək. Getdim, maşını təmirə verdim. Hər şey etdim. Aparıcı futbolçulardan hesab olunurdu. Həyatda hər şey ola bilər. Ona dedim ki, sən dincəl, sabahkı məşqə hazırlaş. O futbolçu sabah gəlib mənimlə şərt bağlaya bilərmi ki, pul verməsəniz, oynamıram? Heç vaxt edə bilməz.
- Amma qəzaların sayı artır...
- Xeyr. Qəzaların sayı artmır. Futbolçu da insandır. Fikirləşir ki, biz ona ikinci valideyn olmuşuq. Heç bir futbolçumuz bizdən pul tələb etməyib. Belə bir şey xatırlamıram. "Bu qədər verməsəniz, gedirəm" sözləri qarşılığında heç vaxt "Yaxşı, bu qədər veririk, qal komandada" deməmişik.
- İndiki futbolçulara baxanda necə düşünürsünüz: Onlar kiminsə hesabına oynayırlar, yoxsa...?
- İndi kiminsə hesabına oynayan 3-5 faiz olar, ya olmaz. Çünki hamısı göz qabağındadır. “Keşlə”ni nümunə göstərək. Kiminsə hesabına oynasalar, nə ala, nə də sata bilirlər. Artıq belə söhbətlər yoxdur. Ola bilər ki, hər klubda bir nəfər olsun. Ona qalsa mənim oğlum futbolçu olardı. Məndən böyük “dayı”sı olacaqdı?
- Qarşıdan yeni il gəlir. Yeni ilin bəzəyi Şaxta baba və qar qızdır. Ciddi də olmasa, ondan arzu istəyirik. Sizin qarşınıza Şaxta baba gəlsə, ondan hansı klubumuz üçün arzu istəyərsiniz?
- Mən klub adı çəkə bilmərəm. Vəzifəmə görə yox, qəlbimə görə. İstəyərəm ki, Premyer Liqadakı komandaların 8-i də yaxşı olsun. Amma 4 komanda avrokuboklara vəsiqə qazanacaq. Vəsiqə qazanmayanlar da pis vəziyyətdə olmamalıdır. Qar qızdan xahiş edərəm ki, qəşəng geyinsin və stadiona gəlsin. Bəlkə onda azarkeşlər də gələr (gülür).
Rüfət Nadirli