İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Arsen Venger “Mançester Yunayted”in əfsanəvi sabiq çalışdırıcısı Aleks Ferqyusonun rekordunu təkrarlayıb.
Sportarena.az xəbər verir ki, fransız mütəxəssis Premyer Liqadakı matç sayına görə şotlandiyalı həmkarına çatıb. İngiltərə çempionatının 20-ci turunun “Kristal Pelas”la səfər qarşılaşması Vengerin karyerası ərzində 810-cu Premyer Liqa matçı olub. 68 yaşlı mütəxəssis bununla Ferqyusonun uğurunu təkrarlayıb.
Dekabrın 31-də “Arsenal” Premyer Liqanın növbəti turu çərçivəsində “Vest Bromviç”lə qarşılaşacaq. Həmin oyunda Venger Premyer Liqadakı matç sayına görə mütləq rekordçu olacaq.
Xatırladaq ki, Ferqyuson 1992-ci ildən 2013-cü ilə qədər çalışdırdığı “Mançester Yunayted”lə 810 Premyer Liqa matçına çıxıb. O, bu müddət ərzində 13 dəfə İngiltərə çempionu olub. Venger isə “Arsenal”a 1996-cı ildən rəhbərlik edir. Lakin o, London təmsilçisi ilə cəmi üç dəfə İngiltərə çempionu olub (1997/98, 2001/02, 2003/04).