Bir neçə saat əvvəl yeni il münasibəti ilə idman mətbuatının nümayəndələri arasında sorğu keçirmişdik.
Qələm əhlindən bir neçə saatdan sonra geridə qoyacağımız 2017-ci ilin yadda qalan hadisələrinə toxundular. Onlar eyni zamanda, "yeni ilin əsas qəhrəmanları olan - Şaxta baba və Qar qızdan qarşıdan gələn 2018-ci il üçün nələr istəyərdiz" sualını da cavablandırdılar.
Sorğumuzun ikinci hissəsində isə futbol ictimaiyyətinin nümayəndələrinin - futbolçuların və mütəxəssislərin fikirlərini öyrənmək qərarına gəldik.
Məşqçilər Komitəsinin sədri Ağasəlim Mircavadov 2017-ci ili futbolumuz adına uğurlu hesab edir. Şöhrət ordenli mütəxəssis qarşıdan gələn ildə klublarımıza və millimizə qitəmiqyaslı yarışlarda daha yaxşı nəticə göstərməyi arzuladı:
"2017-ci il futbolumuz adına çox yaxşı il oldu. "Qarabağ" ilk dəfə olar Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı və orada uğurlu çıxış etdi. Milli komandamız isə tarixinin ən yaxşı xalını topladı. Düzdü, seçmə mərhələnin ilk ilindən fərqli olaraq bu ildə nəticələr yaxşı olmasa da, oyun sarıdan geriləmə olmadı. Mənim üçün yadda qalan hadisələr bunlar oldu.
Qarşıdan gələn 2018-ci il üçün Şaxta baba və Qar qızdan nə arzulamaq olar? Öncə xalqımız üçün vacib olan əminamanlıq arzulayıram. Canımız sağlam, ilimiz ruzi-bərəkətli olsun. Futbolumuza isə daha yaxşı uğurlar arzulayıram. İnşallah komandalarımız daha yaxşı nəticələrlə bizi və xalqımızı sevindirərlər. Milli komandamıza da yeni dönəmdə uğurlar arzulayıram. Yığmamız ilk dəfə keçiriləcək Millətlər Liqasında iştirak edəcək. Xeyirli-uğurlu olsun.
Siz jurnalistlərə də can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Siz futbolumuz və idmanımız üçün vacib şəxslərdənsiz. Şəraitiniz yaxşı , işiniz daha da uğurlu və istədiyiniz kimi olsun. Yeni, maraqlı uazılarınız həvəslə oxuyaq. İnşallah idmamızın, futbolumuzun şad xəbərlərini bizə, oxuyuculara çatdırasız. Yeni iliniz mübarək"!
Sorğumuzda iştirak edən digər mütəxəssis Şahin Diniyevdi. Təcrübəli çalışdırıcı ilin sonlarında 3-cü mövsümdür çalışdığı "Kəpəz"dən uğursuz nəticələrə görə öz istəyi ilə ayrıldı. O, bizimlə söhbətində bu məqama toxunmadı. Çünki onun üçün vacib olan bir sıra məsələlər var idi.
"2017-ci il xalqımız üçün sakit keçdi. Elə də ciddi hadisə baş vermədi. Yaralı yerimiz olan Qarabağ məsələi ətrafında danışıqlar getsə də, istəyimizə nail ola bilmədik.
Futbol baxımından kifayət qədər uğurlu il oldu. "Qarabağ" Çempionlar Liqasında uğurlu çıxış etdi. Milli komandamızın da nəticələri kifayət qədər yaxşı oldu. Oğlum Coşqun Diniyev "Qarabağ"ın heyətində Çempionlar Liqasının qrup mərhələsinin oyunlarında debüt və iştirak etdi. Futbolumuz adına maraqlı il oldu.
Şaxta baba və Qar qızdan yeni ildə ölkəmizin ərazi bütövlüyünə qovuşmasını arzulayardım. Xalqımıza ən əsas məsələ olan can sağlığı arzulayıram. İl hamı üçün bərəkətli olsun. Futbolumuza da yeni nailiyyətlər, uğurlar arzulayıram. Millimiz və klublarımız yaxşı nəticə göstərərək azarkeşlərimizi və xalqımızı sevindirsinlər".
Daha sonra futbolçuların da fikirlərini öyrəndik. "Zirə"nin heyətində özünü yaxşı tərəfdən göstərməyi bacaran Vüsal İsgəndərli özünə avrokubokların qrup mərhələsində oynamağı arzuladı:
"Qarşıdan gələn yeni il münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. İnşallah qarşıdan gələn il ölkəmiz üçün xeyirli, uğurlu, ruzili-bərəkətli olar. 2017-ci il mənim və klubum üçün uğurlu oldu. "Zirə" Avropa Liqasında çıxış etdi. Özümüzü yaxşı tərəfdən göstərməyi bacardıq. Özüm isə Premyer Liqada 4, kubokda 2 qol vurdum.
Allahın köməkliyi ilə 2018-ci ildə də komandama xeyir vermeye çalışacam. İnşllah həmişə arzusunda olduğum millinin formasını geyinmək nəsib olar. Bütün jurnalistəri də qarşıdan gələn yeni il münasibəti ilə xüsusilə tebrik edirəm.
Şaxta baba və Qar qızdan elə də böyük hədiyyə istəmirəm. Ailəmə, yaxınlarıma, xalqımıza can sağlığı aruzlayıram. Süfrələrimiz ruzi-bərəkətli olsun Bir də klubumuzla avrokubokların qrup mərhələsində oynamağı arzulayıram".
Azərbaycan Premyer Liqasının sonuncu sırasında qərarlaşmış "Kəpəz"in müdafiəçisi Şəhriyar Əliyev isə 2017-ci ilin onlar üçün uğursuz alındığını söylədi:
"2017-ci il komandamız adına çox uğursuz il oldu. Mövsümün ilk yarısındakı nəticəmiz heç də yaxşı deyil. Bu səbəbdən özümə və komandama görə ili uğurlu hesab edə bilmərəm. 2018-ci ildə daha yaxşı çıxış edib, uğursuz nəticələri unutdurmaq istəyirik. Olduğumuz mövqeni özümüzə yaraşdırmırıq.
Futbolumuz adına uğurlu il oldu. "Qarabağ"ın Çempionlar Liqasındakı uğurlu çıxışını vurğulamaq istəyərdim.
Düzünü desəm, elə uşaq yaşlarından Şaxta baba və qar qızın varlığına inanmıram. Şaxta baba varsa, onunla futbol oynamaq istəyərəm. Onun başına oyun açmaq istəyərdim. Yəqin ona inanmadığıma görə bunu istəyirəm (gülür).
Qarşıdan gələn ildə komandamı daha yaxşı pillədə görmək istəyirəm. Eyni zamanda, özümə Qurban Qurbanovun rəhbərliyi altında milli komandada çıxış etməyi arzulayıram.
Azarkeşlərə, futbolsevərlərə, xalqımıza isə cansağlığı, ruzi-bərəkət diləyirəm".