Dekabrın 26-da keçirilən 14-cü turun oyunları ilə futzal üzrə Yüksək Liqada mövsüm yarılanmış oldu və komandalar fevralın 15-dək fasiləyə yollandılar.
Sportarena.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının “facebook” səhifəsi arxada qalan iki dövrə ilə bağlı Yüksək Liqada çıxış edən komandaların baş məşqçilərinə 4 sualla müraciət edib. İlk olaraq “Araz”ın baş məşqçisi Joze Alesio Da Silvanın müsahibəsini diqqətinizə çatdırırıq:
- Başa çatan iki dövrə ilə bağlı hansı məqamları qeyd edərdiz?
- Yüksək Liqada bu mövsüm çox maraqlı, gərgin oyunlar keçir. Xüsusilə də çempionata yeni qoşulan komandalar iddialı gəliblər və marağı artırıblar. Turnir cədvəlinin ilk 4 pilləsində yer alan komandalar çempion olmağa real namizəddi. Baxmayaraq ki, qış fasiləsinə “Araz” zirvədə yollandı və xal fərqini bir qədər artırdı, ancaq qarşıda hələ 2 dövrə var və komandalar bir-birilə iki dəfə üz-üzə gələcək. Bu oyunlarda qeydə alınacaq nəticələr xal fərqinin azalmasına, müəyyən dəyişikliyin edilməsinə gətirib çıxara bilər. Cari mövsümdə məni sevindirən məqamlardan biri də medianın çempionata marağının artmasıdı. Artıq hər tur mərkəzi oyun “CBC Sport” televiziya kanalında canlı yayımlanır. Hətta bəzi oyunlar canlı yayımdan əlavə, digər günlərdə təkrar da göstərilir. İdman saytlarında nəticələrlə və turun təqvimi ilə bağlı xəbərləri oxumaq mümkündü. Təbii ki, bu da futzala marağın artmasına kömək edir. Yeri gəlmişkən, artıq 17 yaşadək futzalçılardan ibarət millinin bazası əsasında yaradılan komanda Birinci Liqada iştirak edir. Həmin komandada mütəmadi seleksiya işləri aparılacaq və gələcəkdə milliyə layiqli namizədlər toplaşacaq. Bu sadaladıqlarım cari mövsümdə görülən müsbət işlərdi.
- Komandadan kimlər göndəriləcək və hansı oyunçular heyətə cəlb ediləcəklər?
- Kimin gedəcəyini və kimlərlə yolumuza davam edəcəyimizi müəyyənləşdirmişik. Yayda komandaya cəlb edilən Maykon Da Silva, Qabriel Bastos və Karvalyo dos Santos komandadan ayrılıb. Bildiyimə görə, Maykon Malta klubuna keçib. Çünki ona bu ölkənin komandasından dəvət var idi. Karvalyo da başqa klubdan təklif alıb (artq müqavilə imzalayıb - red). O, karyerasını yaya qədər Braziliyada davam etdirəcək. Övladı dünyaya gəldiyi üçün bu qərarı qəbul edib (Qeyd edək ki, İranda keçirilən beynəlxalq turnirə qatılan “Stolba”nın çıxışı “Kayrat”ın seleksiyaçılarının diqqətini də cəlb edib. Buna görə də onun yayda Qazaxıstan çempionunun heyətinə keçəcəyi istisna deyil - red ). Qabrielin də başqa komandadan dəvəti var. Təbii ki, komandadan ayrılan futzalçıların yerini mütləq şəkildə doldurmalıyıq. Çempionata “Yasamal”ın heyətində başlayan Reza Toloui bir müddətdi ki, bizimlə birgə məşq edir. Onu məşq prosesinə cəlb etməkdə məqsədim “Araz”ın oyunçularının arasında özünü necə göstərməsini izləməkdi. “Yasamal”da oynayan zaman çıxışını diqqətdə saxlayırdım, meydanı görmək, dərhal qərar vermək qabiliyyəti var. Yenə deyirəm, güclülərin arasında da onu yoxlamaq istədim. Üstəlik, heç bir klubla müqaviləsi yoxdu, azad agentdi. Onunla bağlı qərarımızı fasilə bitdikdən sonra verəcəyik. Bir yerli oyunçunu da gözaltılamışam. Onun transferini həll etməyə çalışacağıq. İndi adını çəkmirəm, çünki klubu ilə razılıq əldə etməliyik. Bu futzalçılardan başqa, daha bir müdafiəçi transfer edəcəyik. Çünki arxa xətdə oynayacaq futzalçımız azdı.
- Fasilə müddətində hazırlıq planları müəyyənləşibmi (komanda nə vaxt məşqləri bərpa edəcək, məşqləri harda keçirəcək?
- Qış fasiləsini Bakıda keçirəcəyik. Yanvarın 6-da və ya 7-də məşqləri bərpa edəcəyik. Ənənəvi olaraq toplanışa fiziki hazırlıqla başlayacağıq. Fiziki hazırlıq dövründə əsasən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionundan istifadə edəcəyik. Məşqlərimizin bir qismini isə Bakı İdman Sarayında keçəcəyik. Hazırlıq prosesinin bir hissəsi millinin toplanışı ilə üst-üstə düşəcək. Onda “Araz”ın oyunçularının milli ilə birgə məşqlər keçməsinə çalışacağıq. Ümumiyyətlə, qış hazırlığından çox şey asılı olacaq. Kim fasilədən yaxşı istifadə edə bilsə, ikinci yarıda bunun faydasını görəcək.
- Arxada qalan iki dövrənin birinci və ikinci “dördlüy”ünə kimləri daxil edərdiz?
- Mən oyunları həm də millinin baş məşqçisi kimi izləyirəm və diqqətimi cəlb edən oyunçuları nəzarətdə saxlayıram. Qış fasiləsinə qədər mənim üçün ən yaxşı “5-lik” - qapıda Rövşən Hüseynli, müdafiədə Rizvan Fərzəliyev və Eduardo Borges, hücumda isə Maykon da Silva və Karvalho dos Santosdan ibarətdi. İkinci “5-liy”im isə tamamilə yerli oyunçulardan qurulub və EKOL-un üzvləri üstünlük təşkil edir. Bu dəfə qapıda Emin Kürdovu görürəm. Çempionatın bombardiri Renat Sultanov, Ramiz Çövdarov, Samir Həmzəyev və Namiq Məmmədkərimov isə meydan oyunçuları kimi şans verirəm.