“Neftçi”nin müdafiəçisi Kirill Petrovun Türkiyənin birinci liqa təmsilçisi “Girəsunspor”un diqqət mərkəzində olması barədə məlumat vermişdik. Hətta qardaş ölkə mətbuatında ukraynalı müdafiəçinin aşağı liqa təmsilçisi ilə anlaşdığı barədə iddia yer almışdı.
Sportarena.az xəbər verir ki, Petrov Ukraynanın “footboom.com” saytına müsahibəsində “Girəsunspor”la bağlı məsələylə bağlı da danışıb:
“Neftçi” ilə müqavilə müddətim 2018-ci ilin yayında başa çatacaq. “Girəsunspor”a gəldikdə isə bu barədə menecerim Aleksandr Pankovdan soruşmalısız. O, bu barədə daha çox məlumata sahibdi. Hazırda “Neftçi”nin futbolçusuyam və bu komanda ilə təlim-məşq toplanışına qatılacam. Gələcəkdə nə olacaq, görəcəyik. Əlbəttə, “Girəsunspor” maraqlı variantdı. Başqa klubların sizinlə maraqlanması xoşdu. Türkiyə çempionatı çox güclüdü, “Girəsunspor” aşağı liqada olsa da, böyük hədəfləri var”.