Qış fasiləsi dövründə heyətini gücləndirmək istəyən "Neftçi” bu istiqamətdə çalışmalarını davam etdirir.
Sportarena.az Rekord.az-a istinadən xəbər verir ki, "ağ-qaralar”ın Bakıya gətirmək istədiyi legioner futbolçular arasında tanınmış adlar da var. Onlardan biri də sabiq "Qalatasaray”lı Cem Pol Karacandır.
Əldə etilən məlumata görə, hazırda icarə əsasında "Bolton”un şərəfini qoruyan türk futbolçunun Azərbaycana gəlmək variantı üzə çıxıb. Ona təklif edilən məbləğ qaneedici olmasa da, Cem fikirləşmək üçün vaxt istəyib.
Cem Pol Karacan 1989-cu ildə Londonda anadan olub və karyerasının böyük hissəsini məhz Dumanlı Albionda keçirib. "Ridinq”, "Bornmut”, "Milluoll”dan sonra "Qalatasaray”a gələn yarımmüdafiəçi, hazırda məhz "sarı-qrımızılı” kluba məxsusdu. 2015-ci ilin yayında 3 illik müqaviləyə imza atan və cəmi 2 oyunda bu formanı geyinən Karacan, bu müddətdə "Bursaspor”da icarədə olub. Hazırda isə eyni əsasda İngiltərə Çempionşipində mübarizə aparan "Bolton”da oynayır. Cemin Bakıya gəlmək istəyinin arxasında məhz cari komandasının uğursuz çıxışıdır. Çünki "Bolton” 24 komanda arasında 20-ci yerdə gedir və daha aşağı liqaya düşmək ehtimalı böyükdür.
Cemin illik məvacibi 400 min avro civarındadır. Ancaq "Neftçi” bu rəqəmin tam yarısını təklif edib, əlavə olaraq hər oyuna görə əlavə mükafat sözü də verib. Karacanın "ağ-qaralar”ın Avroliqada oynamaq perspektivi olduğuna görə qərarını verməsi gözlənilir.