“Neftçi” PFK-nın baş məşqçisi Tərlan Əhmədov klubun rəsmi saytına müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- Çempionatın ikinci hissəsinə hazırlıq necə keçir?
- Hazırda təlim-məşq toplanışının ilk mərhələsi davam edir. Daha çox fiziki hazırlığa üstünlük veririk. Sevindirici haldı ki, bütün futbolçular ağır yükləmələri qəbul edə bilirlər. Komandada yüksək əhval-rühiyyə var. Futbolçularımıza qış fasiləsi ərəfəsində fərdi hazırlıq planı verilmişdi. Görünür, komandamızın hər bir üzvü fəal istirahət edərək fərdi tapşırıqları yerinə yetirib. Antalyada keçiriləcək ikinci mərhələdə isə texniki və taktiki məşqlərə xüsusi nəzər yetiriləcək. Türkiyədə 5 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Yorgunluq fonunda keçiriləcək bu matçlar həm istədiyimiz oyun üslubumuzun təkmilləşməsi, həm də yeni futbolçuların komandaya uyğunlaşması baxımından əhəmiyyətlidi.
- İstədiyiniz transferləri həyata keçirə bilirsinizmi?
- Klub rəhbərliyi ilə birgə müəyyənləşdirdiyimiz transfer siyasətinə uyğun işlər gedir. Prezident Orxan Hüseynzadə bütün işlərə şəxsən nəzarət edir və bizə bacardığı dəstəyi verir. Problemli mövqelər üzrə kifayət qədər çox futbolçuları izləmişik. Bu proses indi də davam edir. Tələsmək də istəmirik. Seçim zamanı hər bir nüansa diqqət etmək lazımdı. Bu işdə səhvə yol vermək olmaz. Düzdü, qış fasiləsi zamanı yaxşı oyunçu tapmaq asan deyil. Bundan əlavə, yerli futbolçu qıtlığı da var. Yalnız onu deyə bilərəm ki, bizə lazım olan mövqelərə keyfiyyətli, komandamızı gücləndirəcək legionerlər transfer olunacaq. Təbii ki, büdcə imkanları çərçivəsində.
- Bəzi futbolçularla yanaşı, keçən il müqaviləsi yenilənən Uqo Barqas da komandanı tərk etdi...
- Uqo Barqas özü komandadan getmək istədiyini bildirdi. Getmək istəyən futbolçunu komandada saxlamağın mənası yoxdu. Buna görə də qarşlıqlı razılaşma əsasında onunla müqaviləyə xitam verildi. Barqasın əvəzinə hücumçu axtarışı davam edir. Daha güclü futbolçular tapmağa çalışırıq. Azarkeşlərimiz narahat olmasın, Barqasdan daha səviyyəli və daha çox qol vuran yeni forvard görəcəklər.
- Başqa hansı mövqelərə oyunçu axtarışları davam edir?
- Hücumçudan başqa ilk növbədə hücumameylli sol cinah yarımmüdafiəçisinə və dayaq yarımmüdafiəçisinə ehtiyacımız var. Qeyd etdiyim kimi, namizədlər kifayət qədər çoxdu. Hər bir futbolçu ciddi şəkildə izlənilir və onun haqda bütün məlumatlar öyrənilir. Qərarımızı da buna görə verəcəyik. Çünki qarşıda bizi çox ciddi sınaqlar və güclü rəqiblər gözləyir. Hər hansı problem çıxmasa yaxın günlərdə ilk legioner düşərgəmizə gələcək.
- Azarkeşlər bu mövsüm həm də “Neftçi”dən titul və avrokuboklara vəsiqə gözləyirlər...
- Əvvəla azarkeşlərimizə dərin təşəkkürümü bildirmək istəyirəm. Evdə və ya səfərdə olmasına baxmayaraq, bütün oyunlarda komandanı sonacan dəstəkləyirlər, hər zaman sevimli komandalarının yanındadılar. Klub rəhbərliyi, məşqçilər və futbolçular daim onların dəstəyini hiss edir. Bugünədək qazandığımız bütün qələbələrdə fanatlarımızın böyük payı var. “Neftçi”nin yetirməsi olaraq onları yaxşı başa düşürəm. Bu klub daim zirvədə olmalıdı. Təəssüf ki, çempionatın əvvəlində çox xallar itirilib. Bununla belə, artıq komandanın oyun dəst-xəttinin formalaşması gələcəyə nikbin baxmağa imkan verir. Qış fasiləsindən sonra mümkün qədər yuxarı pillələrə yüksəlməyə çalışacağıq. İlk növbədə isə ölkə kubokunu qazanmaq üçün mübarizə aparacağıq. İnanıram ki, biz birlikdə hədəfimizə çatacağıq.