Azərbaycan milli komandası Türkiyənin Antalya bölgəsində yanvarın 27-də bir araya gələcək.
Sportarena.az xəbər verir ki, yığmanın mətbuat xidmətindən "Report”a verilən məlumata görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Maxx Royal” otelində məskunlaşacaq.
Q.Qurbanov toplanışa çağırılacaq futbolçuların yekun siyahısını müəyyənləşdirmək üçün bütün klubların Antalyaya gəlişini gözləyir. Hələlik Türkiyədə toplanışda yalnız "Qarabağ” və "Qəbələ” komandalarıdır. Digər komandalar isə bu həftə ərzində qonşu ölkəyə yola düşəcəklər. Baş məşqçi komandaların hamısını iş başında izlədikdən sonra qərarını verəcək.
Çox güman ki, dəvətlilərin hamısı Azərbaycan Premyer Liqasından olacaq. Çıxış etdikləri ölkələrin çempionatlarında qış fasiləsi bu həftə başa çatacağından, legionerlərin millinin toplanışında iştirak edəcəkləri inandırıcı deyil.
Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-da Moldova, fevralın 2-də Kosova yığması ilə qarşılaşacaq. Moldovalılarla görüş "Mardan” stadionunda təşkil ediləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Kosova ilə matçına harada keçiriləcəyi və başlama saatı hələlik dəqiqləşməyib.