I Divizionda mübarizə aparan "Xəzər" qış fasiləsində təlim-məşq toplantısını yüksək səviyyədə keçirmək üçün Antalyanın Kəmər bölgəsində hazırlıqlarını davam etdirir.
Sportarena.az xəbər verir ki, bu gün pyataxt klubu hazırlıq çərçivəsində ikinci məşq gününü arxada qoyub. Komandanın baş məşqçisi Elşad Əhmədov və yeni transferi Vadim Abdullayev toplanışın ikinci günü barədə danışıblar:
Elşad Əhmədov (baş məşqçi): "Səhər məşqində fiziki hazırlıq üzrə çalışdıq. İstəyirik ki, məşqlər intensiv olsun. Futbolçular da yaxşı hazırlaşırlar. Oyunçular bu məşqlərə öyrəşəcəklər. Günün ikinci məşqi isə 18:30-da oldu. Hər cür şərait var. Taktiki hazırlıq idi. Futbolçular hücumları cinahlardan təşkil etmək üçün çalışdılar. Ola bilər ki, çatışmayan cəhətlərimiz var idi. Qənaətbəxş olduğunu deyə bilərəm. Mövsümün ikinci yarısına tam hazır vəziyyətdə çatacağımıza inanıram".
Vadim Abdullayev (yarımmüdafiəçi): "İki gündür ki, Antalyadayıq. Məşqçilərin dediklərini və tapşırıqlarını edirik. Komandada atmosfer əladır. Plan üzrə gedirik. Əlimizdə gələni edəcəyik ki, yaxşı nəticələr qazanaq. Komandamız üçün hər şey yaxşı olar. Bu kollektivlə böyük işlər görə bilərik".
Qeyd edək ki, Türkiyədə keçiriləcək təlim-məşq toplanışı fevralın 3-dək davam edəcək. Komanda ilk yoxlama görüşünü yanvarın 20-də Almaniyanın “Vakker Nordhauzen” klubuna qarşı keçirəcək. Oyun “Titanik” İdman Mərkəzinin stadionunda keçiriləcək.