Azərbaycan millisinin Millətlər Liqasındakı rəqibləri məlum olub. D Liqasında mübarizə aparacaq komandamız Farer adaları, Malta və Kosovo ilə eyni qrupda yarışacaq.
Sportarena.az xəbər verir ki, yığmamız yer aldığı qrupdakı iştirakçılardan Kosova ilə heç vaxt üz-üzə gəlməyib. Buna səbəb sözügedən ölkəni yenicə müstəqil olması və cəmi bir seçmə mərhələdə mübarizə aparmasıdır. Bununla belə, tərəflər arasındakı ilk görüş Millətlər Liqasında baş tutmayacaq. Hər hansı dəyişiklik baş verməzsə, bu komandalar fevralın 2-də Antalyada üz-üzə gələcəklər.
Komandamız Malta ilə altı dəfə üz-üzə gəlib. Görüşlərdən ikisində qələbə sevinən yığmamız, bir matçda heç-heçəyə razılaşıb. Maltalılar isə digər üç qarşılaşmada qələbə sevinci yaşayıblar. Bu görüşlərdən son ikisi rəsmi görüş olub. AÇ-2016-nın seçmə mərhələsində üz-üzə gələn komandaların duelində yığmamız məğlub olmayıb. Berti Foqtsun rəhbərliyi altında Bakıdakı görüşdə 2:0 hesabı ilə qalib gələn millimiz səfərdəki görüşdə heç-heçəyə razılaşmışdı - 2:2.
Farer adalarının Azərbaycan millisi yolu isə cəmi bir dəfə kəsişib. Beynəlxalq yoldaşlıq görüşündə üz-üzə gələn komandaların duelində sevinən tərəf yığmamız olub - 3:0. Maraqlı məqam vurulan qollardan birinin müəllifinin komandamızın yeni baş məşqçisi Qurban Qurbanovun olmasıdır.
1994-cü il: Malta 5:0 Azərbaycan (Yoldaşlıq görüşü)
2000-ci il: Malta 3:0 Azərbaycan (Yoldaşlıq görüşü)
2002-ci il: Malta 1:0 Azərbaycan (Yoldaşlıq görüşü)
2013-cü il: Azərbaycan 3:0 Malta (Yoldaşlıq görüşü)
2015-ci il: Azərbaycan 2:0 Malta (AÇ-2016, seçmə mərhələ)
2015-ci il: Malta 2:2 Azərbaycan (AÇ-2016, seçmə mərhələ)
1996-cı il: Azərbaycan 3:0 Farer Adaları (Yoldaşlıq görüşü)
QEYD: Yazı yayımlandıqdan sonra məlum oldu ki, fevralın 2-də Türkiyənin Antalya şəhərində baş tutmalı olan Azərbaycan - Kosovo matçı komandaların eyni qrupda mübarizə aparması səbəbilə ləğv olunub. Tərəflər püşkatma mərasimindən sonra görüşərək bu barədə razılıq əldə ediblər.