Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Moldova ilə hazırlıq oyunundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az mütəxəssisin fikirlərini təqdim edir:
- Milli komanda ilə ilk toplanışınızdı. Klubla yığma arasında hansı fərqlər var?
- Fərq əlbəttə ki, var. Hamı anlayır ki, bu, milli komandadı. Klubda demək olar ki, hər gün bir yerdə oluruq. Amma burda məsuliyyət daha da böyükdü. Hamı kimi mən də bunu ilk gündən hiss elədim. Diqqətli olmalıyam və az müddətdə futbolçulara nə istədiyimi başa salmalıyam.
- Psixoloji hazırlıq çox önəmlidi. Düşərgədə “Neftçi”nin futbolçuları da var ki, sınaq oyunlarında ardıcıl məğlub olublar. Onlarla ümumi söhbət aparılıbmı, vəziyyət necədi?
- Bu gün tam istədiyimiz oyunu tələb etmək düzgün çıxmaz. Hər klubun hazırlığı fərqlidi. Düşünürük ki, sınaq oyunlarında nəticə o qədər də önəmli deyil, amma bir şey də var ki, məğlubiyyətə baxmayaraq, məşqçi öz istədiyini oyunçulardan ala bildimi? İndiki halda psixoloji vəziyyətdənsə, oyunçuların fiziki yorğunluğu daha çox təsir edə bilər. Bəzi futbolçular var ki, ayın 25-i, 27-si 90 dəqiqə və hətta daha da artıq oynayıblar. Bu, məni daha çox narahat edir. Yorğun oyunçunun matça hazır olma ehtimalı azdı, üstəlik zədələnmə riski yüksəkdi. Milliyə gələn hamı peşəkar oyunçulardı və bilirik ki, fikrimiz ancaq burda olmalıdı. Bütün oyunçuları tanıyırıq, güvənirik.
- Moldova ilə oyunda nəticə nə dərəcədə vacibdi?
- Nəticə mütləqdi, istərdik ki, uğurlu start verək, amma dediyim kimi bir oyun çox azdı, istərdik ki, iki oyun keçirək. Alınmadı. Buna görə də nəticəyə mütləq önəm verəcəyik. Amma əsasən, düşündüklərimizi meydanda tətbiq etmək istəyirik. Moldovanın Cənubi Koreya ilə oyunun ilk hissəsinə baxdım. Onların əsas üstünlüyü artıq bir yerdə oyun keçirmiş olmalarıdır. Əsas vacib olan oyunçuların meydandakı düşüncələridir. Məqsəd nəticəyə gedən yolda komandanı daha yaxşı hazırlamaqdır.
- “Qarabağ”da rotasiyalarınız adətən uğurlu alınırdı. Millidə də belə dəyişikliklər, hansısa oyunçunun fərqli mövqedə oynamasını görəcəyikmi?
- Rotasiyaya ehtiyac yoxdu. Amma elə mövqelər var ki, artıq özlüyümdə düşünmüşəm ki, bir hissə oynayacaqlar. Oyunun gedişatına da baxacağıq. On uyğun hərəkət edəcəyik.
- Özünüz də dediniz ki, bir oyun sizin üçün azdı. Olmazdı ki, Antalyada hazırlıq keçən güclü klublardan birini rəqib kimi seçərdik?
- Mən çox istərdim ki, oyunlarımız milli səviyyəsində olsun. Klublarla qarşılaşmağı istəmirəm. Oyunçuların hansısa yığmaya qarşı hazırlaşmalarını istəyirəm. Bunun bizə çox faydalı olacağını da düşünmürəm.
- Rəqiblə necə razılaşmısız, əvəzetmələr limitsiz olacaq?
- Sabah bu barədə danışacağıq. İstənilən halda razılığa gələcəyimizi düşünürük.
- Əsas mübahisəli mövqelərdən biri də müdafiənin mərkəzidi. Kimi sınamaq istəyirsiz o mövqedə?
- Böyük ehtimalla biri Maksim olacaq.
- Açıqladığınız heyət ümumilikdə müsbət rəy qazansa da, bəzi oyunçuların olmaması müzakirələrə səbəb oldu. Amil Yunanov və Bəxtiyar Həsənalızadənin dəvət almaması azarkeşlər və futbol ictimaiyyəti arasında müəyyən rezonans yaratdı...
- Hər hansı xüsusi bir səbəbi yoxdu. Təkcə o iki oyunçu yox, bir neçə futbolçu yenə var ki, nəzərimizdədi. Amma bir az dərindən düşünsək və bir oyun olduğunu nəzərə alsaq, hansısa oyunçunu çağırıb oynamadaq geri qaytarmaq da olmaz. Hardasa 7-8 futbolçu var ki, daim nəzərimizdədi, narazılıq etmək lazım deyil. Bu gün 24 oyunçu çağırmışıqsa, o demək deyil ki, millinin heyəti bunlardan ibarətdi. Hər oyun qabağı, rəqibə uyğun komanda yığacağıq, birində hücumçu çox olacaq, digərində yarmmüdafiəçi və s.
- Hazırkı heyətdə yer alan ölkədən xaricdə çıxış edən yeganə oyunçu Pavel Paşayevdi. Onun hazırlığı necədi?
- Normaldı. Komandaya dünən qoşulub, tam məşqə başlayıb. Hər bir futbolçunun hazırlıq səviyyəsi ortadı və çatışmazlıqlar var.
- Kamran Ağayev xəstədi. Sabah oynaya biləcək?
- Sabah qərar verəcəyik. Dünən də qızdırması var idi, tez keçdi.
- Futbolçularla fərdi söhbətlər etmisiz?
- Hamı ilə yox, bəzi oyunçularla olub. Proqramımda var ki, Bakıda həftədə bir dəfə bir neçə futbolçu ilə görüşüm, onları diqqətdə saxlayım. Belə görüşlər olacaq.
- “Qarabağ” da sınaq oyunu keçirir. Həmin oyunun heyətini siz seçmisiz?
- “Qarabağ”a və Rəşada uğurlar arzulayıram (gülür).
- İndiki heyətin 80-90%-i vaxtilə əvvəlki məşqçinin vaxtından millidədi. Sizcə komandada dəyişiləsi çox şey var?
- Hamısı peşəkar futbolçulardı. Mən əvvəlki heyətin içində olmamışam deyə nəsə deyə bilmərəm. Amma Robertlə danışarkən həmişə oyunçulardan razılıq edirdi. Biz də uğur əldə etmək üçün daha çox çalışmalıyıq. Bu gün komandada hər şey qaydasındadı deyə, dayanıb durmaq olmaz.
- Moldovanın oyununun ilk hissəsini izləmisiz, diqqətinizi çəkən nə oldu?
- Müdafiədə çox diqqətli oynayırlar. Sürətli əks-hücumları var. İlk hissəni canlı, ikinci yarını video yazı ilə izlədim. Başqa nəsə desəm, düzgün çıxmaz.
- Eddi İsrafilovla Dəniz Yılmazın bundan sonra milliyə çağrılmaz şansları nə qədərdi?
- Hər bir oyunçu nəzərdə saxlanılır, ehtiyac olduqda dəvət edəcəyik. Sizə dəqiq tarix deyə bilmərəm ki, onları nə vaxt dəvət edəcəyik.