Yüksək Liqa klubu toplanış üçün Qubanı seçdi

18:24 31 Yanvar 2018

Yüksək Liqada yaranmış fasilədən istifadə edən komandalardan EKOL hazırlığa Bakıda start versə də, yanvarın 29-dan etibarən məşqlərini Quba Olimpiya Kompleksində davam etdirir.
 
Sportarena.az xəbər verir ki, üç oyunçusu – Emin Kürdov, Samir Həmzəyev və Namiq Məmmədkərimov hazırda Avropa çempionatının final mərhələsində çıxış edən Azərbaycan millisinin heyətində olduğundan, EKOL məşqlərini tam heyətlə davam etdirə bilmir. 
 
Mükafatlara iddialı olan komandanın rəisi Məzahir İsgəndərovun verdiyi məlumata görə, Qubadakı təlim-məşq toplanışı fevralın 5-dək davam edəcək: "Komanda həm fiziki, həm də taktiki planda məşqlər keçir. Qubadakı hazırlıq prosesi bir həftə davam edəcək. Daha sonra komanda Bakıya dönəcək və XV turun startına qədər məşqlərini paytaxtda reallaşdıracaq”.
 
Klub rəsmisi heyəti gücləndirmək istiqamətində işlərin görüldüyünü, seçim zamanı bu dəfə əsasən gənclərə üstünlük verəcəklərini açıqlayıb: "Məşq prosesinə bir neçə futzalçını da dəvət etmişik. Bu dəfə seçimi gənc oyunçuların xeyrinə edəcəyik. Heyətimizdə təcrübəli futzalçılar çoxdu. Onlarla gənclərin sintezini yaradacağıq ki, bu da oyunumuza müsbət təsir edəcək. Hazırda 4-5 belə futzalçı düşərgəmizdə baxışdadı. Onlarla bağlı yekun qərar Bakıya döndükdən sonra veriləcək. Ümumiyyətlə, Azərbaycan futzalına yeni oyunçular qazandırmaq üçün gənclərə də şans verək vacibdi”.
 
Qeyd edək ki, arxada qalan 12 turda 7 qələbə qazanan EKOL 11 matçda heç-heçə edib, 4 oyunda məğlub olub. Komanda 42 qol vurub, qapısından isə 32 top buraxıb. Aktivində 22 xalı olan EKOL qış fasiləsinə üçüncü pillədə yollanıb. Komandanı lider "Araz”dan 12, ikinci pillədə yer alan "Marafon Futsal”dan isə 5 xal ayırır.


Digər xəbərlər

Xəbər xətti