Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin Futbol sektorunun müdiri Fikrət Hüseynov futzal üzrə Avropa çempionatının Fransa - Azərbaycan oyununu (3:5) canlı izləyənlər arasında olub.
Sportarena.az xəbər verir ki, o, qarşılaşmadan sonra Futzal Federasiyasının mətbuat xidmətinə fikirlərini açıqlayıb:
“Yanvarın 30-dan etibarən futzal üzrə Avropa çempionatının final mərhələsinə start verilib. Qrupumuzun ilk oyununda İspaniya və Fransa komandaları qarşılaşdı və matç 4:4 hesabı ilə başa çatdı. Bu nəticədən sonra bizi Fransa ilə oyunda ancaq qələbə qane edirdi. Komandamız bu gün çox gözəl oyun nümayiş etdirməklə bərabər, lazım olan nəticəni də qazandı. Bütün idmansevərləri nazirliyin və öz adımızdan təbrik edirik. Bu uğurun davamının gəlməsini arzulayıram. Növbəti oyunda İspaniya ilə qarşılaşacağıq. Əlbəttə, ancaq qələbə haqda düşünürük. Arzulayıram ki, Sloveniyanı yarışın son günü finalçı kimi tərk edək”.