Rizvan Fərzəliyev: "Oyunu uduzacağımızı düşünmürdük"

17:22 3 Fevral 2018

Avropa çempionatının final mərhələsində ilk oyununu keçirən futzal üzrə Azərbaycan millisi inamlı qələbə qazanıb. Fransa ilə oyunda hesabı açan yığmamız ikinci hissənin əvvəlində məğlub duruma düşsə də, sonradan bu üstünlüyünü bərpa edib və yekunda meydanı 3 xalla tərk edib. 

 

Sportarena.az xəbər verir ki, qarşılaşma haqda danışan komandanın kapitanı Rizvan Fərzəliyev AFF-nın mətbuat xidmətinə bunları deyib:

 

“İlk dəqiqələrdə həyəcan var idi. Buna baxmayaraq, üstünlüyü əldən vermədik və tezliklə istəyimizə nail oldu. Adi bir səhvdən sonra hesab bərbərləşdi. Düzdü, ikinci hissənin əvvəlində rəqib hesabı xeyrinə dəyişə bildi. Bu, bizi ruhdan salmadı. Bilirdik ki, rəqibi bütün komponentlərdə üstələyəcəyik. Qoldan sonra vaxtımız çox idi. İkinci hissənin cəmi 5 saniyəsi oynanılmışdı. Məğlub durumda olanda belə, oyunu uduzacağımızı düşünmürdük. Çünki fikrimizdə ancaq qələbə qazanmaq var idi”.

 

Kapitan fevarlın 4-də İspaniya ilə keçiriləcək oyuna da toxunub. O, güclü rəqibə qarşı da yaxşı mübarizə aparacaqlarını vurğulayıb:

 

“Soyuqqanlılıqla mübarizə aparacağıq. Qarşımıza minimum tapşırıq qoyulmuşdu ki, qrup mərhələsindən 1/4 finala yüksələk. Artıq minimum tapşırığın öhdəsindən gəlmişik. İndi növbəti mərhələyə qrup lideri və ya ikincisi kimi yollanacağımıza aydınlıq gətiriləcək. Rəqibin zəif tərəflərini öyrənəcəyik və çalışacağıq ki, bunun üzərində işləyək”.


Digər xəbərlər

Xəbər xətti