Rövşən Hüseynli: “İndi bütün fikrimizi İspaniya ilə oyuna yönəltmişik"

15:45 4 Fevral 2018

Sloveniyanın paytaxtı Lyublyanada təşkil edilən futzal üzrə Avropa çempionatının final mərhələsində çıxış edən Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, seçmə komandamız İspaniya yığması ilə üz-üzə gələcək. Qrupda keçirdiyi ilk oyunda Fransa seçməsini məğlub edən (5:3) Joze Alesionun yetirmələri artıq növbəti mərhələyə vəsiqəni təmin edib. Millimiz turnirin favoriti olan İspaniya yığması ilə matçdan xalla ayrılacağı təqdirdə, 1/4 finala qrup lideri kimi yollanacaq.

 

Yığmamızın qapıçısı Rövşən Hüseynli Fransa üzərində qələbə və bugünkü İspaniya matçı barədə fikirlərini Komanda.az-a bildirib. Qolkiper fransızlarla qarşılaşmanın çətin keçdiyini deyib:

 

“Bu cür turnirlərdə birinci oyun həmişə çətin olur. Rəqib bu etabı keçmişdi, artıq ilk oyunlarını oynamışdılar. Debütant olsalar da, turnirə inamlı başlamışdılar. İlk oyunda İspaniya millisi ilə 4:4 hesablı heç-heçə etmişdilər. Ancaq baş məşqçimiz rəqibi yaxşı analiz etdi və tapşırıqlarını verdi. Biz də onun tapşırıqlarını yerinə yetirdik. Çətin oyun olsa da, qələbə qazana bildik”.

 

Hüseynli bugünkü İspaniya ilə matç barədə da danışıb. O, bu oyundan da qələbə ilə ayrılaraq, növbəti mərhələyə qrup lideri kimi çıxmaq istədiklərini deyib:

 

“İndi bütün fikrimizi İspaniya ilə oyuna yönəltmişik. Bu rəqib bizə tanışdı. Bilirik ki, bizdən çəkinirlər. Onlara ancaq qələbə lazımdı. Biz isə revanş almaq istəyirik. Məqsədimiz ancaq qələbə qazanmaq və qrupdan lider kimi çıxmaqdı”.

 

Azərbaycan - İspaniya oyunu bu gün, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Xatırladaq ki, Azərbaycan və İspaniya milliləri 2016-cı ildə Kolumbiyada keçirilən dünya çempionatında da bir qrupda yer almışdı. Oyun ispanların 4:2 hesablı qələbəsi ilə nəticələnmişdi.

 


Digər xəbərlər

Xəbər xətti