Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio Avropa çempionatının final mərhələsində İspaniyaya qarşı keçirdikləri oyunu şərh edib.
Sportarena.az xəbər verir ki, millimizin çalışdırıcısı 0:1 hesablı məğlubiyyətdən sonra bunları söyləyib:
“Bizi çətin oyun gözlədiyini bilirdik. İlk oyundan sonra növbəti mərhələyə vəsiqəni təmin etsək də, qrup liderliyi uğrunda sona qədər mübarizə apardıq. Çünki birinci pilləni tutmaq istəyirdik. Ancaq qarşımızdakı dünyanın ən güclü yığmalarından biri idi. Rəqib topa daha çox nəzarət edən tərəf oldu. Buna baxmayaraq, biz də qol vurmaq üçün epizodlar yaratdıq. Təəssüf ki, həmin epizodları realizə edə bilmədik.
Növbəti rəqibimiz Portuqaliya millisi çempionatın favoritlərindəndi. Heyətlərində Rikardinyo kimi istənilən saniyədə matçın taleyini həll edəcək oyunçu var. Komandama inanıram, hazırlaşacağıq. İki-üç oyunçumuzun yüngül zədəsi var. Ümid edirik ki, onlar son oyunda komandamıza kömək edəcəklər”.