Topaz Premyer Liqasında qış fasiləsi başa çatır. Bəli, 2 aylıq fasilədən sonra həftə sonu ölkə çempionatında mübarizə qaldığı yerdən davam edəcək.
Qış fasiləsi zamanı Premyer Liqa klubları boş dayanmadılar. İştirakçı 8 klubun hamısı mövsümün ikinci yarısına ölkə xaricində - daha dəqiqi Türkiyənin Antalya şəhərində hazırlıq keçdi. Əksər klublar hazırlığın birinci mərhələsini Bakıda keçsələrdə, toplanışın əsas mərhələsi sözügedən qardaş ölkədə oldu. Klublarımız təkcə məşqlərlə və yoxlama oyunları ilə kifayətlənmədilər. Transfer bazarında da aktiv oldular.
Bütün bu məqamları sabiq FİFA referisi, bir müddət "Neftçi"nin vitse-prezidenti postunda çalışmış Tahir Süleymanovla müzakirə etdik. Sportarena.az saytına müsahibə verən Süleymanov bir sıra maraqlı məqamlara toxundu:
- Klublarımız qış toplanışlarını başa vurub, rəsmi oyunlarını gözləyirlər. Premyer Liqa təmsilçilərinin hamısı Antalyaya üz tutdu. Bu onların xeyrinə olacaqmı? Ümumiyyətlə klublarımızın hazırlıq dönəmini necə qiymətləndirirsiz?
- Klublarımız təlim-məşq toplanışlarını artıq başa vurub. Ölkə çempionatında rəqabət çox zəifləyib. Bunu tək mütəxəssislər, jurnalistlər, azarkeşlər bildirmir, klubların məşqçiləri, heyətdə çıxış edən yerli və legioner futbolçular da etiraf edirlər. Belə durumda çox güc sərf etmədən, bir qədər bacarıq olduğu halda nəticə əldə etmək mümkündür. Bir-iki ciddi rəqibin olduğu, qalanlarının gün keçirdikləri yarışda önə çıxmaq elə də çətin deyil, olmamalıdır da. Yetər ki, işlər düzgün qurulsun...
Millətlər Liqasındakı "cırtdan" ölkələrlə müqayisədə cəmi 8 klubumuz var. Ötən mövsümə baxanda minimum müsbət məqam qış fasiləsində bütün klubların Antalyaya axışması oldu. Deməli, heç kim çempionatın gedişində hazırlıqdan, şəraitsizlikdən narazılıq edə, bəhanələr gətirə bilməz. Antalyaya kimlərin gəzintiyə, kimlərin iş dalınca getdikləri rəsmi görüşlərdə, çempionatın gedişində və sonunda bilinəcək.
Qış fasiləsinə, yoxlama oyunlarına nəzər yetirdikdə isə ilk olaraq klubların iddialarının aşağı düşməsi sezilir. Rəqiblər, nəticələr bunu göstərir. Vaxtilə "Fənərbaxça, "Styaua" və digər köklü klublarla oynayaraq, hədəflər böyüyürdüsə indi ikinci, üçüncü dərəcəli komandalar qarşısında acizlik hiss olunur.
Hər nə qədər yoxlama oyunlarında nəticə önəmli deyil, deyilsə də, sıradan klublara biabırçı, davamlı məğlubiyyətlər yolverilməzdi. Uduzanda nöqsanlar daha qabarıq görünür fikirləri futbolu zəbt edib. Belə çıxır ki, yoxlama oyunlarında qalib gələnlər futboldan xəbərsizdi, bilikləri yerində deyil, qalib gələ-gələ nöqsanlarını görə, inkişaf edə bilmirlər?! Yoxlama görüşlərində məğlub olmaq qəbahət deyil. Bir şərtlə ki, klubun imicinə, adına, hazırlığına, sabahına zərbə dəyməsin, təsir etməsin... Rəqabətsiz çempionatda bunlar çox da görünməyəcək. Görünən avrokubokdakı oyunlar, nəticələr olacaq...
- "Qarabağ" heyətindəki bir neçə aparıcı futbolçusu ilə yollarını ayırdı. Amma onların əvəzinə hələ ki yeni oyunçular cəlb edilməyib. Bu "Qarabağ"a problem yarada bilərmi?
- "Qarabağ" stabil heyətini qoruyub. Klub futbolçu satışından gəlir əldə edib. Eyni zamanda, bahalı və heyətə düşə bilməyən legionerindən canını qurtarıb. Əvəzində heç bir transfer edilməyib. Bu, çempionatda rəqabətin olmamasının, "bu heyətlə də çempionluğumuzu qoruyarıq" düşüncəsinin arxayınlığıdır. İlk dəfə idi məşqçi, futbolçular yığma ilə klub arasında balansı qorumaq məcburiyyətində qalmışdılar. Milli-"Qarabağ" dilemmasının fəsadlarının olacağına, təsirinin görünüb-görünməyəcəyinə rəsmi görüşlər, Avropadakı çıxışlar aydınlıq gətirəcək.
- Çempionluğa iddialı olan digər 2 klubun - "Qəbələ" və "Zirə"nin vəziyyətini necə qiymətləndirirsiz? Onlar "Qarabağ"la rəqabət apara biləcəklərmi?
- "Qəbələ" son 1-2 ildə büdcəsini xeyli azaltsa da, stabilliyini qoruyub saxlayır. Uğursuz legionerlərdən canlarını qurtaran klub ehtiyac olduğu halda heyəti gücləndirmədi. Çempionluq, kubok sevinci yaşamayan "Qəbələ" "Qarabağ"ın izləyicisi statusundan çıxması üçün bunun kompensasiyasını meydanda əzmkar, döyüşkən oyunları ilə göstərməlidirlər. Kubokun finalının Qəbələyə salınmaq ehtimalının olmasını nəzərə alsaq, deməli bunun qarşısını yalnız "Qəbələ" özü ala bilər. Finala çıxıb kuboku qazanmaqla...
"Zirə" isə bilərəkdən "kölgədə" qalmaqla, məhdud büdcəsi ilə stabilliyini qoruyur. Bürünc medalları təmin etsələr, bunun öhdəsindən gəlmiş olacaqlar. Klubda, klub ətrafında söz-söhbətlərin olmaması, ucuz amma nisbətən keyfiyyətli legionerlərin olması buna zəmin yaradır...
- Avrokuboklara dördüncü - sonuncu vəsiqə uğrunda mübarizə "Sumqayıt"la "Neftçi" arasında gedəcəyi bəllidir. Mövsümün ilk yarısı belə deməyə əsas verir...
- "Sumqayıt" zəngin ənənələri olan Suqmayıt futbolu tarixində deyil, öz klub tarixlərində ən uğurlu mövsümü keçirə bilər. Böyüməyin vaxtı çoxdan yetişib. Sumqayıt futbolunun adı, nüfuzu bunu çoxdan tələb edir. Qış fasiləsinə qədərki çıxışlarını bir qədər də artıra bilsələr, təfəkkürdə AFFA-nı deyil, Sumqayıt futbolunu təmsil etdiklərinin dərinlyinə varsalar, istədiklərinə nail ola bilərlər.
"Neftçi" kimi tarixi klub haqqında turnir cədvəlindəki sıralamaya uyğun fikir bildirmək çox ağırdır. 2-3 ildir klub, komanda "sökülüb yığılır". "Qışda komanda dəyişməzlər" fikirlərini yenidən alt-üst edən "Neftçi"dəkilər hər altı aydan bir heyəti dəyişir, legionerlərin biri gedir, digəri gəlir. Sanki bu durum kimlərəsə sərfəlidir. Bununla bağlı geniş təhlillər aparılacaq. İndi isə qısa olaraq qəti fikir olmalıdır. Bəhanələr kənara qoyulmalı, "Neftçi" adına layıq yerini qaytarmalıdır...
- Debütant "Səbail", autsayderlər - "Keşlə" ilə "Kəpəz"dən nələr gözləmək olar?
- "Səbail" indiki mövqeyini qoruyub saxlaya bilsə, məşqçi, futbolçu heyəti vəzifələrinin öhdəsindən gəlmiş olacaqlar. Daha da irəli addımlasalar, onların dividentləridir. Zatən bu klubun başqa məqsəd, məramı yoxdur. Gənc məşqçilər korpusu bunu nəzərə almalı və öz bacarıqlarını meydanda göstərməlidirlər...
"Keşlə" yeni baş məşqçisi, futbolçuları ilə ardıcıl məğlubiyyətləri unutdurmalı, sələfi "İnter"i yada salmalıdır. Növbəti uğursuzluqlar şuralaşma ideyasına son sarsıdıcı zərbə olacaq. İdeoloqlar indidən bu barədə düşünməlidirlər...
"Kəpəz" yenidən qurulub. Gəncə futbolunun tarixi adına layiq çıxış etməlidir. Sonuncu pillə komandanın adına yaraşmır. Liqadan düşməmək üçün deyil, Gəncə futbolunun nüfuzu üçün oynayıb pillə-pillə yuxarılara qalxmaq lazımdır. Onsuz da 8 komandalı çempionatda pillələr elə də çox, qorxunc deyil...
- Biraz da son zamanların ən çox müzakirə edilən klubu "Neftçi"dən danışaq. Klubdakı mövcud vəziyyətdən çıxış yolu nədir? Komanda Antalyada yoxlama oyunlarında qalib gələ bilmədi. Yeni transfer Aqil Məmmədov komandanı tərk etdi. İddialara görə, klub daxilindəki xaos buna səbəb olub...
- "Neftçi" böyük klubdur. Problem bir futbolçunun gəlib-getməsi deyil, son illər klub idarəçiliyinin bərbad olmasıdır. Əlcək kimi məşqçi, futbolçular dəyişilir, köklü klub tarixinin ən biabırçı nəticələrini göstərir, anti-rekordları sıralayır. Böyük klubda böyük iddiaları olan, işini bacaranlar olmalıdır. Kiçik təfəkkürlülər böyüklüyü dərk etməz.
- Son zamanlar Tərlan Əhmədovun işdən kənar davranışları müzakirə edilir. Futbol ictimaiyyəti, hətta Ramin Musayev də onu hərəkətlərinə görə tənqid edir. Tərlan bəyi tanıyan və onunla çalışmış şəxs kimi fikirlərinizi öyrənmək maraqlı olardı. Ola bilərmi ki, klubdaxili gərginlik Əhmədova çox pis təsir edir, o da psixoloji gərginliyini bu yolla atmağa çalışır?
- Bilirsiniz ki, biz çəkinmədən yerli məşqçilərə üstünlük verirdik. Özü də fərq etmirdi, təcrübəli və ya təcrübəsiz. Stabilliyi, çempionluqları müxtəlif məşqçilərlə qazanırdıq. Vaxtilə klub prezidenti Sadıq Sadıqovla klubun 3-5 illik strategiyasını hazırlayanda Tərlan Əhmədov "Xəzər Lənkəran"da köməkçi məşqçi çalışırdı. Çəkinmədən Arif Əsədovu əvəzedici heyətdən əsas komandanın baş məşqçi postuna gətirdik. Çempionluqlar, kuboklar minimum hədəfimiz olduğu üçün Avropada nəticə qazanmalıydıq. Sonralar Böyükağa Hacıyevlə uğurlar qazanıldı. İlk gündən bizimlə olan seleksiyaçı-məşqçi Bəxtiyar Musayev, sonradan cəlb etdiyimiz Kamal Quliyev, Tərlan Əhmədov və digərlərinə də şərait yaratmışıq. Bu gün artıq müxtəlif klublarda çalışan Samir Əliyev, Elşad Əhmədov, Vitali Kovalyov, Səttar Əliyev, Araz Qulamov, Elmir Xankişiyev kimi yerli məşqçilərin çalışmasına, inkişafına hərtərəfli dəstək olunub, uğurlar qazanılıb. Bu gün istər məşqçilər, yerli, legioner futbolçular, istərsə də azarkeşlər yaxın keçmişin "Neftçi"si haqqında rəhbərlik-məşqçi-futbolçu-fanat birliyinin, "Neftçi" adına yaraşan nəticələrdən, iddialardan bəhs edirlər. Uğur qazanmağın başqa yolu da yoxdur. Son günlər qeyd etdiyiniz məsələlərlə bağlı fikir bildirmək istəmirəm. "Neftçi" tarixi uğurları, çempionluq, kuboklar, liderliyi ilə gündəmə gəlməlidir. Bu mənasız, futbola yaraşmayan, aidiyyatı olmayan söz-söhbətlərin bir adı var - "Neftçi"də adına, böyüklüyünə layiq rəhbərlik, idarəçilik olsaydı, belə hallar baş verməz və hər kəs də öz yerini bilərdi.
Heybət Məmmədov