Fransa yığmasının sabiq müdafiəçisi Patris Evra özünə yeni klub tapıb.
Sportarena.az xəbər verir ki, ötən ilin noyabr ayında Fransanın “Olimpik” (Marsel) klubundan ayrıldıqdan bəri azad agentə çevrilən futbolçu İngiltərənin “Vest Hem” komandasına transfer olunub. Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər mövsümün sonunadək müqavilə imzalayıblar. O, yeni klubunda 27 nömrəli formanı geyinəcək.
Fransalı sol cinah müdafiəçisi vaxtilə uzun müddət Premyer Liqada çıxış edib. Belə ki, o, 2006-2014-cü illər aralığında “Mançester Yunayted”in formasını geyinib. 36 yaşlı futbolçu daha sonra İtaliyada “Yuventus”un, ölkəsində isə “Nitsa”, “Monako” və “Olimpik” (Marsel) klublarında oynayıb.
Xatırladaq ki, Evra ötən ilin noyabrında Avropa Liqası matçı zamanı meydanın kənarında duran azarkeşi təpiklə vurduğu üçün avrokuboklarda iştirakdan məhrum edilmişdi. Bu azmış kimi, Marsel klubu da onunla müqaviləyə xitam vermişdi.