Milli komandalarda yeni təyinatlar

16:49 13 Fevral 2018

Karate üzrə Azərbaycan milli komandasının məşqçilər heyətinə yeni təyinatlar olub.
 
Sportarena.az xəbər verir ki, bu barədə qərar Azərbaycan Milli Karate Federasiyasının İdarə Heyətinin, məşqçilərin və milli üzvlərinin iştirakı ilə keçirilmiş görüşdə açıqlanıb. 
 
İdarə heyətinin qərarı ilə Şahin Xudaverdiyev kişilərdən ibarət yığmada baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edəcək. Qurban Tağıyev böyük məşqçi, Seymur Hüseynov və Rəşad Hüseynov baş məşqçinin köməkçiləri təyin olunub. Qadınlardan ibarət millinin baş məşqçisi səlahiyyətlərini isə yeniyetmə və gənclər üzrə baş məşqçi Anar Allahverdiyev icra edəcək.
 
Federasiya prezidenti Yaşar Bəşirov, I vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, baş katib MirHəsən Seyidov, eləcə də İdarə heyətinin üzvü Fizuli Musayev yeni təyinatlarla bağlı məşqçilər heyəti və milli komanda üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıblar. Federasiya rəhbərliyi ölkənin ali idman təşkilatları tərəfindən qarşıda qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün daha effektli fəaliyyətin vacib olduğunu xatırladıb.
 
Baş məşqçi vəzifəsinin icrasına başlayan əməkdar məşqçi Şahin Xudaverdiyev rəhbərlik tərəfindən ona göstərilən etimada görə təşəkkürünü bildirərək, bundan sonra da təcrübəsini yüksək nailiyyətlər qazanmağa yönəldəcəyini söyləyib. 
 
Yığıncaqda, həmçinin, milli komandanın 2018-ci il ərzində keçiriləcək nüfuzlu yarışlara hazırlıq işləri, idmançıların vitaminləşdirmə prosesi, dopinqə qarşı nəzarətin gücləndirilməsi və digər məsul öhdəliklər müzakirə olunub. 
 
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Premyer Liqa 1 -də iştirak üçün yola düşən komanda üzvlərinə tövsiyyələr verilib.


Digər xəbərlər

Xəbər xətti