"Keşlə" akademiyasını yeni formalarla təmin etdi - FOTO

15:48 20 Fevral 2018

Ötən il "İnter"in adı dəyişəndən sonra klubun atributları və formasının yenilənməsi məsələsi də gündəmə gəldi.

 

Sportarena.az xəbər verir ki, təzə adla əsas komanda ötən ili daxili birincilikdə Beynəlxalq Bankın adı silinmiş əski formaları ilə çıxış etsə də, bunu aşağı yaş qruplarına aid etmək olmazdı. Akademiyanın müxtəlif yaş qruplarından ibarət komandaları liqalarda elə Beynəlxalq Bankın adı olan futbolkalarla oynayırdılar. Doğrudur, qış fasiləsində əsas komandaya yeni geyim dəsti, o cümlədən oyun formaları verildi. Aşağı yaşlılar isə yeni formalarına hələ təzə-təzə qovuşurlar.

 

Ötən şənbə "Keşlə"nin 15 yaşlıları U-15 Liqasında "Kəpəz"lə oyuna "Joma" istehsalı olan qırmızı rəngli formalarla çıxdılar. Düzdür, dünən U-17 Liqasında keçirilən "Zirə" - "Keşlə" oyununda qonaqlar "İnter"in göy rəngli formasındaydılar. Bunun da səbəbi var.

 

Akademiyanın rəhbəri İlqar Hüseynovdan aldığımız məlumata görə, yeni geyim dəstlərini bir müddətdir əvvəl alıblar: “Artıq, bəzi komandalara, o cümlədən, U-15-ə yeni oyun formaları verilib. U-17 komandasının “Zirə" ilə matçda köhnə formalarla çıxmasına səbəb köynək və şortlara nömrələrin yazılmaması idi. Bu komanda növbəti tura yeni formalarla çıxacaq. Bu, U-16 Liqasında cümə axşamı  “Qəbələ" ilə oynayacaq 16 yaşlılarımıza da aiddir".

 

İlqar müəllimin sözlərinə görə, yaxın günlərdə bütün yaş qruplarına yeni geyim dəstləri veriləcək. Geyim dəstinə 2 rəngdə (qırmızı və ağ) oyun formalarından başqa futbolçu üçün lazım olan bütün geyim ləvazimatları (parad geyimi, məşq formaları, idman ayaqqabısı, əlcək, boğazlıq və s.) daxildir. (“Het-trik news” qəzeti)

 


Digər xəbərlər

Xəbər xətti