"Qarabağ"ın futbolçusu Ağabala Ramazanov mövsümün sonunda Ağdam klubundan ayrılmaq niyyətindədi.
Sportarena.az-ın əldə etdiyi məlumata görə, universal futbolçu Qurban Qurbanovun ona şans verməməsindən narazıdı. Bu səbəbdən yay transfer pəncərəsi zamanı klubunu dəyişmək fikrinə düşüb.
Ramazanov əslində qış transfer pəncərəsi zamanı bu addımı atmaq istəyib. Ancaq Dino Ndlovu və Tarık Elyunussinin "Qarabağ"dan ayrılması onun fikrini dəyişib. O, sözügedən futbolçuların komandadan ayrılmasından sonra şans qazanacağına ümid edib. Amma heç nə onun düşündüyü kimi olmayıb.
Bir müddət zədədən əziyyət çəkən millimizin üzvü əvvəlki formasını bərpa etməkdə çətinlik çəkir. Hətta əvəzedici komandanın heyətində meydana çıxması və qollar vurması belə heç nəyi dəyişmir. Bu səbəbdən futbolçu başqa komandada çıxış etmək qərarına gəlib.
Ağabalanın "Qarabağ"la müqaviləsinin müddəti mövsümün sonunda bitəcək. Ona görə də futbolçu meneceri və qardaşı Zaur Ramazanovdan ona yeni klub tapmasını istəyib. 25 yaşlı forvard yaxın ətrafı vasitəsilə ötən qış onunla maraqlanan və aylıq 10 min manat maaş təklif edən "Neftçi"yə xəbər də göndərib. "Ağ-qaralar"ın təklifini rədd edərək daha az maaşla "Qarabağ"da oynamağı üstün tutan futbolçu az məvaciblə olsa belə paytaxt klubunda çıxış etmək istəyir.
"Neftçi"nin bu təklifə hansı cavabı verəcəyi məlum olmasa da, Ramazanov yetirməsi olduğu klubdan rədd cavabı alacağı təqdirdə başqa variantlar üzərində fikirləşəcək.