AFFA İntizam Komitəsinin "Mil-Muğan" klubuna texniki məğlubiyyət verməsinin təfərrüatı məlum olub.
Sportarena.az xəbər verir ki, problem Birinci Divizionun 15-ci turunda "Zaqatala” ilə səfər matçının protokolunu dolduran şəxsin səhvi üzündən baş verib. "Mil-Muğan”ın 11 nömrəli futbolçusu Şahin Əliyevin qeydiyyat vərəqəsi görüşü idarə edən hakimlər briqadasına təqdim edilsə də, qonaqlar 23 yaşlı futbolçunun adını oyunun protokolunda qeyd etməyi unudublar.
Əliyev qarşılaşmanın 61-ci dəqiqəsinə komanda yoldaşı Anar Babayevin əvəzinə meydana daxil oluğu üçün İmişli təmsilçisi texniki məğlubiyyətlə üzləşib. Həmçinin "Mil-Muğan” 800 manat cərimə olunub.
Qeyd edək ki, "Zaqatala" - "Mil-Muğan" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Şahin Əliyev ötən mövsüm "Qarabağ"ın heyətində 13 qolla əvəzedicilərin çempionatının bombardiri olub. (Report)