Türkiyə çempionu “Beşiktaş” İngiltərənin “Sanderlend” klubundan icarəyə götürdüyü Cermeyn Lensin transfer hüququnu da alıb.
Sportarena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, hollandiyalı futbolçunun transfer hüququnu almaq üçün qarşı tərəfə əlavə 4 milyon avro ödənilib.
Qeyd edək ki, Lens “Beşiktaş”la 2022-ci ilədək müqavilə imzalayıb. Qarşıdakı 4 il ərzində futbolçu “qara qartallar”ın heyətində 8,25 milyon avro qazanc əldə edəcək.
Bu mövsüm “Beşiktaş” formasıyla müxtəlif turnirlərdə 20 matça çıxan Lens 4 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.