Türkiyə Kubokunun ½ finalı çərçivəsində keçirilən “Beşiktaş”-“Fənərbaxça” matçı (2:2) qalmaqallarla yadda qalıb.
Sportarena.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Fırat Aydınus 101 dəqiqə davam edən matçda 8 sarı, 3 qırmızı kart göstərib.
Qarşılaşmanın 44-cü dəqiqəsində “Fənərbaxça”lı Alper Potuk komandasını azlıqda buraxıb. O, rəqib yarımmüdafiəçi Tolqay Arslana qarşı etdiyi səhvlər ucbatından iki dəfə sarı kart görərək meydandan qovulub. 52-ci dəqiqədə isə rəqib futbolçuya təzyiq göstərən “Beşiktaş”lı Rikardo Quareşma birbaşa qırmızı kartla oyundan kənarlaşdırılıb. Daha sonra “sarı-lacivərd”lilərin qapıçısı Volkan Demirel kobud hərəkətlərinə görə iki sarı kartdan sonra qırmızı kart görüb.
“Fənərbaxça”lıların gördüyü qrımızı kartların 2 matçla cəzalandırılması gözlənilsə də, Rikardo Quareşmanın kobud oyunu ona baha başa gələcək. Belə ki, portuqaliyalı ulduzun 5-6 matçlıq cəza alması ehtimal edilir. O, qaydalardan kənar hərəkəti çərçivəsində 3 matçlıq cəzalanacaq. Ulduzun rəqib futbolçu Jozef De Souzadan sonra Mehmet Ekicini də itələməsi onun cəzasını ikiqat artıracaq.
Portuqaliyalı futbolçunu cəzadan qurtara biləcək yeganə ümid onun bu hərəkətə təhrik edilməsi maddəsidir. Əgər onun kobudluğa təhrik edən hər hansı fakt üzə çıxarsa, cəzası yarı-yarıya azalacaq.