Futzal üzrə Yüksək Liqada 18-ci turun bir oyunu sürpriz nəticə ilə yadda qaldı. Söhbət iddialı “Marafon Futsal”ın “Yasamal”la dueldən məğlub ayrılmasından gedir. Cari çempionatın debütantı indiyə qədər “Araz”la iki dueldə və “Neftçi” ilə bir matçda yenilmişdi. Turnir cədvəlinin alt pillələrində yer alan “Yasamal”ın ikinci sıradakı “Marafon Futsal”a məğlubiyyət yaşatması isə qış fasiləsindən sonra Yüksək Liqada qeydə alınan ilk sensasiyalı nəticə oldu.
Sportarena.az xəbər verir ki, matçdan sonra “Yasamal”ın İran Astarasından olan kapitanı Mortoza Cahandost Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib:
- Qalib gələcəyiniz gözlənilmirdi. Hətta hesab bərabərləşdikdən sonra yorğun olduğunuz aşkar sezilirdi...
- Özümüz də bu cür çıxış edəcəyimizi gözləmirdik. “Marafon Futsal”ın necə komanda olduğunu bilirsiz. Uşaqlar dözdülər, əzmkarlıq göstərdilər, vicdanla sona qədər mübarizəni davam etdirdilər. Əslində, oyuna yaxşı hazırlaşmışdıq. Məşqlərimizi də çoxaltmışdıq və orda etdiklərimizi oyunda tətbiq edə bildik.
- Heyət üzvlərinin azlığı mövsümün sonuna qədər bu cür oynamağınıza imkan verəcəkmi?
- Bu problem ilk gündən var. Hər dəfə oyuna məhdud heyətlə çıxırıq. Əvəzetmədən oynamaq çox çətindi. Məşqdə də meydanda çox qalırıq ki, özümüzü bu vəziyyətə hazırlayaq. Bir-iki oyunçumuz var ki, onlar da sıraya döndükdən sonra daha yaxşı oynayacağıq.
- “Yasamal” qış fasiləsindən sonra iddialı dönüb. Komandada nə dəyişib ki, bu, nəticələrdə də əksini tapır?
- Heyətimizə yeni oyunçular dəvət etdik, komandadan gedənləri geri qaytardıq, zədəli oyunçularımız var idi ki, onlar sağaldılar, məşqlərimizin sayı artıb. Uşaqlar hamısı istəklidirlər, həvəslə çıxırlar oyuna.
- Amma baş məşqçiniz yoxdu..
- Baş məşqçi işini Həzən Mirzəyi görür. Məşqləri o keçir, taktikanı başa salır. Biz də çalışırıq ona kömək edək.
- Qış fasiləsinə qədər çox xal itirmisiz. Komanda itirdiklərini qazana biləcəkmi?
- İtirilən xalları bərpa etmək mümkün deyil. Çalışmalıyıq ki, bundan sonra uduzmayaq. Komanda indi güclüdü. Aşağı pillədə yer almağımız bizə yaraşmır.
- Komandanı oyuna stimullaşdıran məqamlar hansılardı?
- İlk növbədə turnir cədvəli. “Yasamal” üst sıralara layiq komandadı. Ona görə də mövqeyimizi yaxşılaşdırmalıyıq. “Marafon Futsal”la oyun göstərdi ki, istənilən rəqibi məğlub etmək mümkündü. Bunun üçün çox işləməli, məşq etməliyik.
- Həm böyük futbolda, həm də futzalda oynayırsan. Çətin deyil meydanı tez-tez dəyişmək?
- Əlbəttə, çətin olur. Bir gün futbol oynayıram, ertəsi gün futzala gəlirəm. Bəzən elə olur ki, gün ərzində həm futbol, həm də futzalın məşqində iştirak edirəm. Yorğunluq olur, ancaq tələblərə cavab verməyə çalışıram.
- Komandanın ən çox qol vuran oyunçususan. Yekunda bombardir olmağı arzulayırsanmı?
- Niyə də olmasın? Həvəslə oynayıram, çalışıram qol vurum. Ancaq komandanın qələbə qazanmağı ön sırada dayanır. “Marafon Futsal”la oyunda olduğu kimi, qol vurmasam da olar, ancaq yekunda 3 xalı biz qazanaq.