Mövsümün ikinci yarısının rekordu Gəncədə qeydə alındı

14:23 5 Mart 2018

Topaz Premyer Liqasında mövsümün ikinci yarısının yeni rekordu qeydə alınıb. Gəncədə keçirilən “Kəpəz” - “Səbail” matçını (2:1) 5332 tamaşaçı izləyib.

 

Sportarena.az xəbər verir ki, bu göstərici 2018-ci il üçün ən yüksək rəqəmdi. Bunadək baş tutan üç turda ən yaxşı halda 2000 tamaşaçı qeydə alınmışdı. Buna 15-ci turun “Neftçi” - “Kəpəz” və 17-ci turun “Keşlə” - “Sumqayıt” matçlarında təsadüf olunmuşdu.

 

Hesabat turunda isə təkcə Gəncədəki matçı deyil, “Qəbələ” - “Neftçi” qarşılaşmasını da daha çox - 3000 seyirçi izləyib. Mövsümün rekordu isə 11-ci turun “Kəpəz” - “Qarabağ” matçına məxsusdur - 13300 tamaşaçı.

 

Qeyd edək ki, 2018-ci ilin rekordu “Kəpəz”in iki uğursuz seriyanı qırması ilə üst-üstə düşüb. Gəncə təmsilçisi ardıcıl 7 məğlubiyyətdən sonra həm xal, həm qələbə həsrətinə son qoyub. Qərblilər sonuncu dəfə 126 gün öncə - oktyabrın 28-də baş tutan 10-cu turun “İnter”lə səfər oyununda qalib gəlmişdi - 2:0.

 

Cari mövsümdə öz meydanında xal qazanmayan “Kəpəz” 7 matçlıq məğlubiyyət seriyasını qırıb. Gəncə təmsilçisi ötən il aprelin 29-da “İnter”i 1:0 hesabı ilə məğlub edəndən 308 gün sonra doğma azarkeşləri önündə xal qazanıb.


Digər xəbərlər

Xəbər xətti