Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) ölkədə idmanın inkişafına öz töhfəsini verməkdə davam edirBu baxımdan sağlam həyat tərzinin təbliği və gələcək çempionların yetişdirilməsi məqsədilə maddi-texniki bazanın genişləndirilməsi və təkmilləşdirilməsi, idmançıların məşq və hazırlıq şəraitinin yaxşılaşdırılması çox böyük əhəmiyyət daşıyır. Yeni ağır atletika zal və komplekslərinin açılışları da atılan addımlar çərçivəsindədir.
Sportarena.az xəbər verir ki, mart ayının 5-də, Bədən Tərbiyəsi və İdman Günü münasibətilə AAAF iki şəhər – Sumqayıt və Bakıda universal ağır atletika komplekslərinin açılışını edib.
Sumqayıtda Heydər Əliyev prospekti, 18-ci məhəllə, 37A ünvanında yerləşən Kompleksin açılış mərasimində AAAF-ın 1-ci vitse-prezidenti Tofiq Heydərov, həmçinin federasiyanın Rəyasət Heyətinin üzvləri iştirak ediblər. Lent kəsiləndən sonra qonaq və rəsmi şəxslərə Kompleks barədə məlumat verilib, məkanın işi ilə tanış ediliblər. Qeyd olunub ki, burada eyni anda 50-yə yaxın ağır atlet və digər güc idman növləri – bodibildinq, pauerliftinq, krossfit və başqaları – idmançılarının məşq etmək, yarışlara ən yüksək səviyyədə hazırlaşmaq imkanı var. Kompleksdə paltardəyişmə otaqları, xüsusi idman geyimləri və vitaminləri stendi, futbol meydançası, digər otaqlar da xidmətə hazırdır.
Daha bir açılış isə günün ikinci yarısında baş tutub. “Zirvə” Beynəlxalq İdman Klubları və Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) birgə layihəsi paytaxtın Azadlıq prospekti, 154 ünvanında inşa edilmiş universal ağır atletika Kompleksidir. Açılış mərasimində AAAF-ın vitse-prezidenti, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev iştirak edib. O lenti kəsəndən sonra burada yaradılan şəraitlə tanış olub. Ona məlumat verilib ki, Kompleksdə ağır atletika, bodibildinq, pauerliftinq, krossfit və fitnesslə məşğul olmaq üçün bütün şərait yaradılıb.
Məkanda gün ərzində 500-ə yaxın idmançının peşəkar məşq etmə imkanı var. Kompleks ən müasir avadanlıqlarla təchiz olunub, hər idman növünə fərdi yanaşma tətbiq olunub. Burada tanınmış idmançılar, müxtəlif güc idman növlərində uğur qazanmış atletlər, təcrübəli həkim və masajçılar, məşqçilər çalışacaqlar. Azərbaycan Ağır Atletika Federasiyası hər il 20-yə yaxın ağır atletika zal və Komplekslərinin açılışı, təmir-bərpa işlərini həyata keçirir. 2017-ci ildə Qobustan şəhərində yerləşən mərkəzi ağır atletika zalı, “Spartak” Könüllü İdman Cəmiyyətinin Ramanada yerləşən zalı, “Təhsil” Respublika İdman Mərkəzinin 1 N-li Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin ağır atletika zalı, Mərkəzi Ordu İdman Klubunun bazasındakı ağır atletika zalı, Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasının ağır atletika zalı və digərlərində əsaslı təmir-bərpa işləri aparılıb, avandanlıqlar yenilənib, məşq üçün maksimal şərait yaradılıb.
Bununla yanaşı, Astara şəhərindəki AAAF Park Yaşayış Kompleksində yerləşən ağır atletika üzrə yeni təlim-məşq bazasının açılışı da həyata keçirilib. Bu çoxfunksiyalı bazada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, bütün şəraitlə təmin olunmuş paltardəyişmə otaqları, həmçinin ən müasir avadanlıqlarla təchiz olunmuş geniş AAAF Fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilib.
AAAF bu işləri 2018-ci ildə də davam etdirəcək.