Bu gün AFFA İcraiyyə Komitəsinin iclasından sonra Azərbaycan millisinin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlama verib.
Sportarena.az xəbər verir ki, Qurbanov “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun hələ də futbol oynamağa davam etməsi məsələsinə də münasibət bildirib:
“Bir futbolçunun oynaması niyə bu qədər müzakirə edilir? Futbolçunun gücü varsa, bacarırsa, ən yaxşılardan biridisə, niyə oynamasın? Klub olaraq ona ehtiyac duyuruqsa, niyə futboldan göndərək? Bizdə Ansi Aqolli də var. Aqolli ilə Rəşadın peşəkarlığını, işlərinə yanaşmalarını bütün gənclərə nümunə göstərirəm. Belə oyunçuları tez göndərməli deyilik. Xavyer Zaneti 38 yaşa qədər oynadı və ən yaxşılardan idi. Digər tərəfdən, Rəşadın U-21 millisindən olan öz futbolçusuna qarşı oynamasında nə problem ola bilər ki? Həm özü, həm də futbolçu məsuliyyətli olurlar. Futbolçular da istəkli oynayırlar. Futbol elə oyundu ki, dəyişikliklər daim olacaq. Yaxşıları daim qorumalıyıq. Yaşa önəm vermək lazım deyil”.
Qurbanov bir müddət “Qarabağ”ın transfer gündəmində olmuş zimbabveli hücumçu Xama Billiatla bağlı məsələyə də aydınlıq gətirib:
“Onunla bağlı danışıqlar dayanıb. Ehtiyac yoxdu. Siyahımızda olan futbolçular arasında onun da soyadı var. Yaxından tanıyırıq, ancaq hələ ehtiyac görmürük”.