Martın 9-da Topaz Premyer Liqasında 19-cu tura start veriləcək.
Sportarena.az xəbər verir ki, turun ilk qarşılaşması Gəncədə keçiriləcək. “Qəbələ” səfərdə “Kəpəz”in qonağı olacaq. Bu qarşılaşma rəqiblərin 19-cu dueli olacaq. İndiyədək yalnız Premyer Liqa çərçivəsində üz-üzə gələn komandalar 18 dəfə görüşüb.
İlk dəfə 2011/12 mövsümündə qarşılaşan rəqiblərin əvvəlki duellərində “Qəbələ” daha çox – 7 qələbə qazanıb. 5 dəfə heç-heçə edən bu komanda 6 matçdan xalsız ayrılıb. Top fərqində də üstünlük “Qəbələ”nin tərəfindədi - 21:17. 10-cu dəfə “Kəpəz”in meydanında oynayacaq “Qəbələ” səfərdə 2 dəfə qalib gəlibsə, 3 dəfə bərabərliklə kifayətlənib və 4 dəfə meydanı xalsız tərk edib. Rəqib meydanında 10 qolu olan “Qəbələ” futbolçuları öz qapısından 11 top buraxıb. Gəncə klubu ilə qarşılaşmaların ən yaxşı bombardiri Baqali Dabodu. Onun hesabında 3 qol var. Famussa Kone və Ruslan Qurbanov hərəyə 2 dəfə fərqlənib.