“Samsunspor”un müdafiəçisi Ufuk Budakın uzun fasilədən sonra yenidən Azərbaycan millisinə dəvət alması barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, Türkiyə Birinci liqasının “Qaziantepspor”la matçda zədələnən Budak, AFFA-ya müraciət edərək, milliyə çağırılmamasını istəyib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Artıq futbolçunun müalicəsinə başlanılıb. Müdafiəçinin milli komandaların oyunları üçün yaranmış fasilədən sonra keçiriləcək ilk oyuna - “Adanaspor”la matça kimi sıraya qayıdacağı gözlənilir.
Məsələ ilə bağlı milli komandaların mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu ilə əlaqə saxladıq. O, bu barədə məlumatsız olduğunu və Qurban Qurbanovun heyət barədə ona hələ ki informasiya vermədiyini bildirdi.
Xatırladaq ki, Azərbaycan yığması martın 23-də Bakıda Belarusla, ayın 27-də isə Antalyada Makedoniya ilə yoxlama görüşü keçirəcək.