I Divizionun lideri “Qaradağ-Lökbatan”ın son turlarda ardıcıl məğlubiyyətlər alması söz-söhbətlərin yaranmasına səbəb olub.
Sportarena.az Rekord.az-a istinadən xəbər verir ki, söz-söhbətlər artıq Azərbaycandan kənara çıxmağa başlayıb. İlk 14 turda məğlub olmayan və cəmi iki bərabərliyə razı olan qəsəbə təmsilçisi, artıq 3 oyundur ardıcıl yeniliglərlə üzləşir. Durum artıq UEFA-nın diqqətini cəlb edib.Məsələ ilə araşdırmalara qarşıdakı bir ay ərzində başlanılacaq. Hətta martın 7-də keçirilən Hesabat Konfransında iştirak edən UEFA rəsmilərinin (Con Deleyni və Tyerri Favre) Azərbaycanda danışılmış oyunları barədə narahatlıqlarını dilə gətirdiyi belə iddia olunur. Onların xüsusilə “son zamanlar aşağı dəstənizlə bağlı xoş olmayan mesajlar alırıq” cümləsi AFFA-nı narahat edib. Məhz bundan sonra baş katib Elxan Məmmədovun elitadakı klubların sayının artırılması məsələsində ehtiyatlı danışmağa məcbur olub. Halbuki, yaxın gülərə qədər bu məsələnin həll olunduğu və gələn mövsümdən klubların sayının 10-a çatdırılacağı böyük mənada dəqiqləşmişdi. Ancaq son turlardakı nəticələr durumu dəyişib.
Mənbə qeyd edir ki, UEFA-nı lider “Qaradağ-Lökbatan”ın son turlardakı məğlubiyyətləri xüsusilə maraqlandırıb. Bakıda Avropanın ali futbol qurumuna ötürülən məlumatlarda oyunların nəticələrinin əvvəlcədən razılaşdırıldığı deyilib, işin ciddi nəzarətə götürülməsinin vacibliyi qeyd olunub.
UEFA mart ayı ərzində də gedişatı izləmək qərarına gəlib. Aprelə qədər də “şübhəli” durum davam etsə, cəza qaçılmaz olacaq. AFFA-nın da vəziyyətdən xəbəri var və assosiasiya da quruma zərər dəyməməsi üçün UEFA ilə sıx əməkdaşlıq edir.
Bu məsələ ilə bağlı "Qaradağ Lökbatan"ın prezidenti Tahr Mustafayevlə əlaqə saxladıq. O, klubu haqqında yayılan informasiyaya belə münasibət bildirdi:
"Mən bu sözün, iddianın bizim adımızla birgə çəkilməsini istəmirəm. Bu, "Qaradağ Lökbatan"a qarşı edilən haqsızlıqdır. Bu, bizə yaxılan ləkə və heç bir əsası olmayan iddiadır. Bu xəbəri yazan insanlar hardansa eşitdikləri informasiyanı yazınca gəlib bizim üzümüzə desinlər. 14 oyunluq qələbə seriyamız olanda bizi axtarmayan jurnalistlər indi bu barədə yazırlar. 2-3 mətbu orqandan başqa heç kim bizdən gəlib yazmadı. Bizim oyunumuza gəlib baxmayanlar indi bu xəbəri tirajlayırlar. Amma bir dəfə gəlib oyunumuza baxmadılar. Oyunlarmıza gəlib baxsaydılar, necə şansızlıqla uduzduğumuzu görərdilər. Futboldan azacıq başı çıxan şəxs görər ki, bəxtimiz gətirmir. Futbolçularımızın vurduğu zərbə dirəkdən, tirdən qayıdırsa, biz necə edək? Futbolçular o zərbələri qol vurmaq üçün endirirlər, dirəyə vurmaq üçün yox.
Xəbərdə yazıblar ki, UEFA apreldə "Qaradağ Lökbatan"la bağlı araşdırmalara başlayacaq. Axı nə vaxtdan UEFA aparacağı araşdırma barədə kiməsə məlumat verir və ya kiminsə bu araşdırmadan xəbəri olur? Belə bir şey mümkün deyil. Artıq bu özü bir yalandır. Bu məqam artıq xəbəri ifşa edir. Heç kim haqqqımıza girməsin. Nə qədər insan bu klubdan evinə halal pul aparır. Biz çörəyimizə haram qata bilmərik.
"Barselona" belə neçə xal fərqi ilə oyundan sonra uduzur. Uduzmamalıydıq, olmamalı idi. Qara zolağa düşmüşük. Futbolda belə şeylər qaçılmazdı. Amma buna düzgün yanaşmaq lazımdır. Kimin bizə nə sözü, sualı varsa, bizi tapmaq elə də çətin deyil. Şükür Allaha hər məsələdə başımız ucadı. Amma mən bu məsələni belə qoymayacam. Qanun var, qayda var. Haqqımızda yayılan bu xəbərlə bağlı hüquqi tədbir görəcəyik".