Samir Həmzəyev: "Ola bilsin, biz bunu bacarmırıq"

16:15 14 Mart 2018

EKOL-un futzalçısı Samir Həmzəyev Azərbaycan Futzal Federasiyasının rəsmi “facebook” səhifəsinə müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, son turun “Xəmsə” ilə görüşündə (18:3) 6 qol vuran Həmzəyev bu oyunla bağlı da danışıb:

 

- 6 qol vurduğun matçın bu qədər asan keçəcəyini gözləyirdinmi?
- Düzdü, 6 top vurdum, amma bunu təkbaşına etmədim. Komanda şəkilində uğur qazandıq. Həm də rəqibin hansı pillədə qərarlaşmasından asılı olmayaraq, biz ciddiliyimizi itirmirik. Bu komanda ilə əvvəlki oyunlarımız daha çətin, gərgin keçmişdi. Belə deyək də, qələbə oyuna ciddi yanaşmağımızın nəticəsidi.

- Hər nə qədər ciddi yanaşırdıq desən də, turnir cədvəlindəki mövqe fərqləri oyunun hazırlığa təsir etməyə bilməzdi...
- Düşünsəydik ki, autsayderlə oynayırıq və rahat qələbə qazanacağıq, bu, peşəkarlığa yaraşmaz. Bəs yekunda bunun əksi ilə üzləşsəydik, itirən kim olacaqdı? Hər bir oyunda qələbəyə 3 xal verilir. Rəqibin autsayder oldu və ya lider, fərqi yoxdu. Ona görə bu cür oyunlarda itkiyə yol vermək olmaz.

- Birinci dövrədə 5:3, ikinci dövrədə 7:3 hesabı ilə qalib gəlmişdiz. Bu dəfə çempionatın hələ ki, ən qollu oyununu izlədik. Üstəlik, hazırkı mövsümdə bir matçda ən çox qol vuran komandası EKOL-du. Bu göstəricilər EKOL-un güclü, yoxsa rəqibin zəif olmasının göstəricisidi?
- Rəqib zəif idi. Üstəlik, oyunu əvəzetmədən keçirdilər. 40 dəqiqə əvəzlənmədən futzal oynamaq çox çətindi. Yoruldular və müqavimət göstərə bilmədilər.

 

- Qış fasiləsindən sonra EKOL-un iddialı gələcəyini gözləsək də, hələ bu mənzərənin şahidi deyilik. Axsama nə ilə bağlıdı?
- Bunu izah edə bilməyəcəm. Çünki səbəbini bilmirəm. “FK.İD.Futsal”la oyunun gedişində hesab 5:1 xeyrimizə idi. Sonra necə oldu ardıcıl 4 qol buraxdıq, bunu anlaya bilmədim. “Araz”a gəldikdə, onların gücü hamıya bəllidi. Millinin bazasıdı bu komanda. “Marafon Futsal”a yenə uduzduq. Görünür, həmin gün rəqibimiz daha yaxşı oynadı. Halbuki onları yensəydik, ikinci yer uğrunda da mübarizə apara bilərdik. Riyazi baxımdan hətta birinci pillə uğrunda da yarışa bilərik. Ancaq reallığı nəzərə alsaq, əsas diqqətimizi üçüncü pilləni tutmağa yönəldəcəyik. Dördüncü dövrə var, gərək ciddi hazırlaşaq və həm “Araz”dan, həm də “Marafon Futsal”dan xallar qoparaq. 

 

- Deməli, mübarizəniz üçüncü yer uğrundadı?
- Üçüncü yerə əsas iddialı bizik. Mümkün olduğu qədər ikinci pillə üçün də mübarizəmizi davam etdirəcəyik. Əsas hədəfimiz mövsümü medalla başa vurmaqdı.

 

- “Marafon Futsal”ın debüt ilində bu cür qrafik çızacağını gözləmirdin?
- Bizim üçün sürpriz oldu. Arxada qalan 3 oyunda onlara uduzmuşuq və hər dəfə də çox qol buraxmışıq. Heyətlərində legionerləri çoxdu. Ancaq bu heç nəyi dəyişmir.

 

- Təcrübəli EKOL onları niyə yenə bilmədi?
- Səhvlərimiz çox oldu. Müdafiədə səhvlər edirik, qol buraxırıq. Sonra isə onun qarşılığını vermək çətin olur.

 

- Ümumiyyətlə, EKOL-da əsas şikayət hücumla, konkret qol vura bilməməklə bağlıdı. Halbuki ön xətdə sən, Namiq Məmmədkərimov kimi təcrübəli oyunçular yer alıb...
- Bu haqda baş məşqçi danışsa, yaxşıdı. Zəif tərəflərimizi onlar bilir. Yəqin yeni mövsüm üçün heyəti gücləndirəcəklər. Komandamız güclüdü, ancaq “Araz”, “Marafon Futsal” kimi komandaların müdafiə xəttini yarmaq çətindi. Ola bilsin, biz bunu bacarmırıq. İstənilən halda, komandamız güclənməlidi.


Digər xəbərlər

Xəbər xətti