Bu gün Azərbaycan Cüdo Federasiyasının konfransı və İcraiyyə Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə federasiya başçısı Rövnəq Abdullayev də iştirak edib. Abdullayev Azərbaycan idmanının pik nöqtəsinə çatdığını deyib və bildirib ki, millimiz bunu Rio olimpiadasında sübut edib:
“Düşünürəm ki, Bakıdakı dünya çempionatına çox yaxşı hazırlaşmalı və yüksək səviyyədə keçirməliyik. İlk dəfə təşkil edəcəyimiz mundialda nöqtəmizi qoymalıyıq. Cüdosevərləri zala toplamalı, məşqçilər idmançılarla yaxşı işləməlidi".
Federasiyanın baş katibi Elmar Babanlı isə Rövnəq Abdullayevin federasiyaya prezident seçilməsindən sonra Azərbaycan cüdoçularının rekord sayda medal qazanmaqla, tarixi uğura imza atdıqlarını deyib:
"Cüdo idmanında 2015-ci ilin son rübündən başlayaraq, ilbəil mükafatların sayı artıb. 2015-ci ilin son 3 ayında 25, 2016-cı ildə 140 dəfə fəxri kürsüyə yüksəlmişdisə, 2017-ci ildə 191 medala sahib olmuşuq".