Bu gün AFFA Klublar Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasdan sonra komitənin yeni sədri, “Neftçi”nin prezidenti Kamran Quliyev jurnalistlərin suallarını cavablandırıb:
- Çoxdan idi ki, toplaşmırdıq. Bir çox məsələlərə toxunduq. Milliləşdirilmiş futbolçuların miqrasiya məsələsini müzakirə etdik. Əvəzedici komandaların 1-ci divizionda çıxış etmələri məsələsi haqda təklifləri müzakirə etdik.
- Klubların əvəzedici heyətlərinin 1-ci divizionda oynamasına münasibət necədi?
- Hər kəs bunu pozitiv qarşıladı. Ancaq müzakirələr çox olmalıdı. Əvəzedicilər daim əsas komandanın yanında olur və dəvət alırlar. Baş məşqçilərin fikirləri, detalları çox vacibdi. Onlar hər xırdalığa nəzər yetirməlidi. Bu, bir-iki görüşə həll ediləcək məsələ deyil. Ancaq dünya praktikasında belə bir şeylər var. İspaniya, Portuqaliya və Rusiyada bu sistem mövcuddu.
- Videotəkrar texnologiyası Azərbaycanda nə zaman tətbiq ediləcək?
- Ümumi məlumat verildi. Bunun məsrəfləri, xərcləri və digər şərtləri var. Bunun üçün infrastruktur lazımdı. Bu, klubların büdcəsinə uyğundu. Ancaq stadionlar buna cavab vermir. Bu sistem üçün meydanda 10-dan çox kamera quraşdırılmalıdı. Heç stadionlarımızın çoxunda 6 kamera quraşdırmaq mümkün deyil. İfrastruktur və maliyyəni müzakirə etmək lazımdı. Videohakim texnologiyası müəmmalı epizodlara cavab tapmaq üçün əladı. Ancaq bunun üçün bizdə hələ ki, tezdi.
- Səsvermə əvvəliklərdən fərqli olaraq mətbuat üçün qapalı keçdi. Bunun səbəbi nə idi?
- Ola bilsin ki, hansısa texniki nasazlıq olub (gülür). Mən demişdim ki, öz namizədliyimi vermək istəmirəm. Çünki daha əvvəl bir il sədr olmuşdum. Amma digər klublar gizli səsvermə ilə məni seçdilər. Hazırda “Neftçi”də olmağımı buna səbəb kimi hesab etmək olar. Çünki əvvəlki sədr bizim klubdan idi.
- “Neftçi” ötən gün Premyer Liqanın 20-ci turunda “Qarabağ”la 0:0 hesablı heç-heçə etdi...
- Bərabər səviyyədə oyun keçdi. Çoxlu şanslarımız oldu. “Qarabağ”a qarşı 3-4 qol vəziyyəti yaradan komandanın yaxşı oynadığını demək lazımdı. “Qarabağ”a tam rəqib olduq. Hətta qalib də gələ bilərdik. Sevindiricidi ki, oyundan-oyuna güclənirik.
- Keçmiş komandanız “Sumqayıt” qış fasiləsindən sonra yaxşı nəticələr qazanır. Onların “Kəpəz”lə oyununu izlədiz?
- Vaxt tapıb izlədim. “Sumqayıt”ı 3-cü yerə yüksəlmək münasibətilə təbrik edirəm. Böyük uğurdu. Riad Rəfiyevə də prezident postunda uğurlar arzu edirəm. (Komanda.az)